Tibblə bağlı yeni ixtisaslar üzrə kadrlar hazırlanacaq

Azərbaycan Tibb Universitetində tibbi menecment ixtisası üzrə kadrların, başqa sözlə desək, xüsusi professional nöqteyi-nəzərdən baş həkimlərin hazırlanması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.

Onun sözlərinə görə, universitetdə klassik ixtisaslarla yanaşı, yeni ixtisasların da tədrisi olunması nəzərdə tutulur.

Rektor tibbi menecment ixtisasının da nəzərdə tutulan yeni ixtisaslardan biri olduğunu söyləyib: “Biz magistratura səviyyəsi üzrə ixtisasların siyahısına tibbi menecment ixtisasının da daxil edilməsini planlaşdırırıq”.

G.Gəraybəyli əlavə edib ki, Azərbaycanda “ailə həkimi” institutunun yenidən bərpası üçün də işlər görülür: “Səhiyyə Nazirliiynin təşəbbüsü ilə keçən ildən “ailə həkimi” ayrıca bir ixtisas kimi mövcuddur. Rezidenturaya daxil olan tələbələrin keçdiyi ixtisaslar arasında artıq ailə həkimi ixtisası da var”.