Piyadalar cərimə ödəmədikdə xaricə buraxılmayacaq

“İl ərzində 140 mindən çox piyada yolu keçmə qaydalarını pozduğu üçün məsuliyyətə cəlb olunur. Onlardan çoxu il ərzində 4-5 dəfə eyni hərəkəti təkrar edir və cərimələnir. Bəlkə də arxayınlıq yaranır ki, qaydanı pozsam da, cərimə ödəmirəm. Amma icra strukturları tərəfindən qaydaları pozmuş piyadaların əmlakına həbs qoyulması, hətta xarici ölkələrə gedən zaman ölkədən çıxışına məhdudiyyətin tətbiq edilməsi və s. kimi vasitələr var”. Bunu Avtosfer.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib.

Onun sözlərində görə, cərimə olunan həmin şəxslər bilmədirlər ki, o cəriməni və üzərinə gəlmiş dəbbə pulunu ömrünün sonuna qədər ödəmək məcburiyyətindədir: “Yəni, kimsə bu cəriməni ödəmirsə elə bilməsin ki, batdı getdi və bir daha ondan tələb edilməyəcək. Piyada bilməlidir ki, qaydanı nə qədər pozubsa onun cərimələri ondan alınacaq. Yaxud da onun hansısa əmlakına yönləndiriləcək. Bir gün həmin əmlakdan istifadə etmək istədikdə görəcək ki, əmlak artıq onun deyil, üzərində həbs var”.