Televiziya proqramlarına verilən tələblərə riayət olunurmu?

Televiziya proqramlarına verilən tələblərə riayət olunurmu?
Son illər televiziya verilişlərinin milli-mənəvi dəyərlərə uyğunluğu, ideya-bədii dəyəri, tərbiyəvi və ya anti-tərbiyəvi funksiyası barədə vəziyyət dözülməz hala çatmışdır.
İctimai televiziya və radio yayımının məqsədi Azərbaycan Respublikası əhalisinin – bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır.
İctimai yayımçı (İctimai Televiziya və Radio Yayımları Şirkəti) kənar müdaxilə olmadan müstəqil fəaliyyət göstərən hüquqi şəxsdir, öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir və bu əmlakdan yalnız ictimai yayımın məqsədləri üçün istifadə edə bilər.
İctimai yayımçı verilişlərinin forma və məzmununu özü müəyyən edir və yayımladığı proqramlar üçün məsuliyyət daşıyır.
İctimai yayım fəaliyyətinə dövlət tərəfindən müddətsiz və ödənişsiz lisenziya verilir və tezlik ayrılır.
İctimai yayımçının vəzifələri aşağıdakılardır:
• ölkədə və dünyada baş verən mühüm hadisələr, dövlət orqanlarının, bələdiyyələrin, siyasi partiyaların, ictimai birliklərin, dini qurumların və kommersiya təşkilatlarının fəaliyyəti barədə vətəndaşların qərəzsiz və tarazlaşdırılmış informasiya almaq hüququnun həyata keçirilməsi;
• milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyub inkişaf etdirən maarifləndirici, məlumatlandırıcı və əyləndirici proqramlar vasitəsilə vətəndaşların maraqlarının təmin olunması;
• Azərbaycan və dünya müəlliflərinin əsərləri üzrə yüksək sənətkarlıq nümunəsi olan tamaşaların, bədii, sənədli və cizgi filmlərinin, serialların, incəsənət əsərlərinin, mühüm tarixi və mədəni tədbirlərin lentə alınması və gələcək nəsillər üçün ictimai yayımçının qızıl fondunda saxlanması;
• hazırlanıb efirə verilən proqramlarda vətəndaşların öz fikirlərini bildirməsi üçün bərabər imkanlar yaradılması;
• vətəndaşların cavabvermə hüququnun təmin edilməsi;
• informasiyanın tərəfsizliyinin, qərəzsizliyinin və doğru-dürüstlüyünün təmin edilməsi;
• pornoqrafik materialların, zorakılığı, qəddarlığı, dini və irqi ayrı-seçkiliyi təbliğ edən proqramların yayımlanmaması;
• vətəndaşların şəxsi və ailə həyatına, şərəf və ləyaqətinə hörmətlə yanaşılması;[3]
• yayım zamanı peşə etikasına riayət olunması;
• tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanmaması.
İctimai yayım proqramlarına verilən tələblər:
• İctimai yayımçı proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə almalıdır.
• Proqramlar milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirməlidir.
• İctimai yayım proqramlarında siyasi baxışların birtərəfli qaydada üstünlüyünə və ya təbliğatına yol verilmir. Plüralizm və dözümlülük prinsipinə uyğun olaraq cəmiyyətdəki müxtəlif nəzər nöqtələri, problemlərə yanaşma, şərhlər və analitik təhlillər alternativ əsaslarla və diskussiya formasında aparılır.
• Yeni və orijinal teleradio məhsullarının yaradılmasına, bədii filmlərin, serialların, teleradio tamaşalarının efirə verilməsinə diqqət artırılmalıdır.
• Dünya ölkələrinin ən yaxşı seriallarının, bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və (və ya) Azərbaycan dilində subtitrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır.
• Proqramlarda Azərbaycanda istehsal olunan kino, tele, video və radio məhsullarının yayımlanmasına üstünlük verilir.
• Proqramlarda istifadə olunan informasiyaların məzmunu, mənbəyi və ədalətliliyi araşdırılıb dəqiqləşdirilməlidir
• Xəbərlər proqramında informasiyalar əhatəli, tərəfsiz, qərəzsiz, müstəqil olmalı, cəmiyyətdəki fərqli nöqteyi-nəzərlərə uyğun hazırlanmalı, şərhlər informasiyadan dəqiq şəkildə seçilməlidir.
• İctimai yayım proqramlarında ölkənin digər yayımçılarının proqramlarından ödənişsiz sitat və fraqmentlər gətirilə bilər, bu şərtlə ki, həmin sitat və fraqmentlərin ümumi həcmi 90 saniyədən çox olmasın və təsvirin üstündə emblemi göstərilməklə mənbəyi açıqlansın.
• İctimai yayımçı insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayırmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımını təmin etməlidir.

Hazırladı: Ləman Xəlilzadə