Analıq məzuniyyətinə görə ödənilən müavinət

Məzuniyyət hesablamaMəcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Hamiləlik və doğum (analıq) sosial sığorta hadisəsi olmaqla, bu hallara görə ödənilən müavinət isə sosial sığorta ödəmələrinin bir növü hesab olunur.

Müavinət kimlərə ödənilir?

Müavinət sığortaolunan (işləyən) qadınlara hamiləlik və doğuma görə məzuniyyət (analıq məzuniyyəti) dövrü üçün təyin edilir və ödənilir. Hamiləlik və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.

Analıq məzuniyyətinin müddəti nə qədərdir?

1. Hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara hamiləliyə və doğuma görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

• normal doğumda – 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü);

• doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda – 140 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 70 təqvim günü).

2. Kənd təsərrüfatı istehsalatının taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, çayçılıq, tərəvəzçilik, bostançılıq, meyvəçilik, kartofçuluq, yemçilik, tingçilik, bağçılıq, südçülük, donuzçuluq, qoyunçuluq, quşçuluq, atçılıq, baramaçılıq, arıçılıq, xəzlik heyvan və dovşanların yetişdirilməsi və bağçılıq sahələrində bilavasitə çalışan qadınlara hamiləliyə və doğuma görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

• normal doğumda – 140 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 70 təqvim günü);

• doğum çətin olduqda – 156 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 86 təqvim günü);

• iki və ya daha çox uşaq doğulduqda 180 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 110 təqvim günü).

3. Uşaq salmağa görə müavinət ümumi əsaslar üzrə verilir.

4. 2 aylığadək uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən uşaq böyüdən şəxslər doğumdan sonra müəyyən edilmiş 56 günlük məzuniyyətdən istifadə etmək hüququna malikdirlər.

5. Hamiləliyin süni yolla dayandırılması ilə əlaqədar aparılmış əməliyyatdan sonra müavinət ümumi qayda üzrə əmək qabiliyyətinin itirilməsinin bütün müddətinə düşən iş günlərinə görə verilir.

Müavinətin məbləği nə qədərdir?

Müavinətin aylıq maksimal həddi əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz. Analıq məzuniyyətinin hesablanması zamanı işçinin məzuniyyətə çıxdığı dövrdən əvvəlki son 12 aydakı əmək haqqının cəmi iş günlərinin sayına və ya ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir iş gününə düşən qazanc tapılır. Qazancın məbləği məzuniyyət dövründəki iş günlərin sayına (ən az 126 təqvim gününə) vurulmaqla müavinətin ümumi məbləği tapılır.

Misal.

Aylıq qazancı 1000 manat olan şəxs üçün 20 iş günündən ibarət aya görə müavinətin (01.10.2019-cu il tarixindən etibarən əmək pensiyasının minimum məbləği 200 manat) gündəlik maksimal həddi 250 ((200 manat*25)/20) manatdan artıq ola bilməz.

Digər bir misal. Fərz edək ki, X adlı qadın işçi 1 mart 2020-ci il tarixdən analıq məzuniyyətinə çıxıb. İşçinin mart 2019 – fevral 2019-cu il (12 ay) müddətində əmək haqqı 6000 manat olub. Şərti olaraq hesab edək ki, 12 ayda iş günlərinin cəmi sayı 239 günə bərabərdir. İşçi təqdim etdiyi xəstəlik vərəqəsinə əsasən, 10 iyul 2020-ci il tarixində işə çıxmalıdır. Bu zaman işçiyə analıq məzuniyyəti belə hesablanılır. Əvvəlki 12 aydakı cəmi əmək haqqı (6000 manat) 12 ayda olan iş günlərinin sayına (239) bölünür, bir iş gününə düşən qazanc tapılır: 6000 / 239 = 25,10 manat.

Sonra müəyyənləşdirmək lazımdır ki, 1 mart 2020-ci il tarixindən 10 iyul 2019- cu il tarixinə kimi neçə iş günü var. Tutaq ki, bu müddətdə 83 iş günü var. Bu halda cəmi analıq məzuniyyəti, gündəlik qazancın (25,10 manat) 83 iş gününə vurulması ilə tapılır: 25,10 x 83 = 2083,3 manat. Deməli, işçiyə analıq (hamiləliyə və doğuma görə) məzuniyyətinə görə 2083,3 manat düşür.

Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən analıq məzuniyyətləri gəlir vergisinə cəlb edilmir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən isə, analıq məzuniyyətinə məcburi dövlət sığorta haqqı hesablanmır.
Müavinət üçün hansı sənədlərlə hara müraciət edə bilərəm?

Hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır.

Məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən xəstəlik vərəqələri, hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi barədə müəssisənin əmri (sərəncamı), müavinət təyin edən komissiyanın protokolu ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu şəhər (rayon) şöbəsinə və ya “DOST” mərkəzinə məktubla müraciət etməlidir.

Benefisiar.org

Oxunub: 15255

Əvvəlki məqaləMilli Məclisin komitə sədrləri seçilib – SİYAHI
Növbəti məqaləKirayə mənzillərə müraciət üzrə sənəd qəbulu başladı