Kimlər veteranlıq statusu ala bilər və onların hansı hüquqları var?

“Veteranlar haqqında” Qanunda veteranların hüquqları, veteran statusu verilən şəxslər, onların dövlət tərəfindən təmin edilən təminatları barədə normalar müəyyən edilib. “Veteranlar haqqında” Qanuna əsasən veteranlığın müharibə veteranı, Silahlı Qüvvə veteranı və əmək veteranı növü qeyd edilib. Aşağıda qeyd olunanlar müharibə veteranı statusu almış şəxslərdir.

1. İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər;

2. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;

3. 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər;

4. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;

5. İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular, İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslər;

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) təqvimlə 25 il və daha çox hərbi xidmət keçmiş (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə və ya törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu sıralarından və ya müvafiq orqanlardan xaric olunanlar istisna olmaqla) Azərbaycan Respublikası vətəndaşları Silahlı Qüvvələr veteranı sayılır.

Dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş uzun illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı sayılırlar.

Veteranlara dövlət tərəfindən verilən hüquq və təminatlar hansılardır?
Bu təminatlardan biri pensiya təminatıdır. Veteranlara pensiyalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında təyin edilir. Veteranlar pensiyasını almaqla əvvəllər işlədikləri müəssisədə, təşkilatda, idarədə, yaxud mülkiyyət formasından asılı olmayaraq başqa müəssisədə əmək fəaliyyətini davam etdirmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hər hansı təsərrüfatçılıq formasına əsaslanan müəssisə yaratmaq hüququna malikdirlər. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, veteranların əmək, sahibkarlıq və başqa ictimai faydalı fəaliyyətinin məhdudlaşdırılmasına yol verilmir. “Veteranlar haqqında” Qanunla müəyyən edilmiş güzəştlərlə yanaşı, veteranlar pensiyaya çıxdıqdan sonra əmək kollektivinin qərarı ilə mövcud qanunvericiliyə əsasən həmin müəssisədə, təşkilatda, idarədə mənzil şəraitinin yaxşılaşdırılması, tibbi yardım göstərilməsi, sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştlərdən istifadə edə bilərlər.

Veteranların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı aşağıdakı təminatlar verilir.

• Veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər.

• Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir.

• İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçularındul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir.

• İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar.

• Müvafiq icra hakimiyyəti orqanları daimi qulluğa ehtiyacı olan xroniki xəstələr üçün geriatriya kabinetləri, pansionatları, xəstəxanaları vasitəsilə geriatriya yardımı şəbəkəsini təşkil edir və maliyyələşdirirlər. İkinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dərman və müalicə vasitələri almaq üçün müavinət verilir.

• İkinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir.

• İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada protez-ortopediya məmulatları ilə (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) təmin edilir və diş protezləri düzəltdirirlər.

• Müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün lazımi şərait yaratmaq məqsədi ilə sosial xidmət müəssisələri, habelə veteranlara sosial xidmətin göstərilməsini təşkil edirlər.

• Veteranlara “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilir.

• Vəfat etmiş veteranlara mərasim xidməti qüvvədə olan qanunvericiliyə müvafiq surətdə göstərilir.

• Veteranın əvvəl işlədiyi əmək kollektivləri, hərbi komissarlıqlar vəfat etmiş veteranın dəfnində qohumlarına zəruri yardım göstərməlidirlər. Vəfat etmiş tənha veteranları müvafiq icra hakimiyyəti orqanları dövlət büdcəsinin vəsaiti hesabına dəfn edirlər.

Oxunub: 4830