Yol polisi nəqliyyat vasitəsini hansı hallarda saxlaya bilər?

Yol polisi əməkdaşı tərəfindən nəqliyyat vasitəsi hansı hallarda saxlanıla bilər?
“Yol hərəkəti haqqında” Qanunun 85-ci maddəsi, habelə “Yol-patrul xidməti haqqında” Təlimat yol-patrul xidmətinin əməkdaşı tərəfindən sürücülərdən nəqliyyat vasitəsinin dayandırılması tələbinin əsaslarını müəyyən edir.

Nəqliyyat vasitəsini idarə edən şəxslərdən (yəni sürücülərdən) yalnız aşağıdakı hallarda nəqliyyat vasitəsini (yəni misal üçün avtomobili) dayandırmaq tələb oluna bilər (Yol hərəkəti haqqında qanunun 85-ci maddəsi):

1) nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə;

2) törədilmiş inzibati xətaya görə tətbiq olunan inzibati cərimənin ödənilməsi barədə qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində həmin qərarın icra olunmamasına görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yaxud Bakı Nəqliyyat Agentliyinin qərarı olduqda;

3) nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə Daxili İşlər Nazirliyinin digər əməkdaşından məlumat daxil olduqda;

4) nəqliyyat vasitəsi axtarışda olduqda;

5) nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda;

6) qanunla müəyyən edilmiş hallarda nəqliyyat vasitəsindən istifadə etmək zərurəti yarandıqda (bu hallara təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə, yol-nəqliyyat hadisələri və ya nasazlıq nəticəsində zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün (yalnız yük daşıyan nəqliyyat vasitələrini), təbii fəlakət yerlərinə getmək üçün, hərbi vəziyyət elan edildikdə).

Nəqliyyat vasitəsinin dayandırılması fit və jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə tələb edilməlidir.

Yol polisi əməkdaşı nəqliyyat vasitəsini dayandırdıqda ona yaxınlaşır, özünü nəqliyyat vasitəsinin sürücüsünə təqdim edir və bundan sonra ona dayandırılmanın səbəbini bildirərək ondan qanunda göstərilən sənədləri təqdim etməyi tələb edir.

Qeyd: Nəqliyyat vasitəsi qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin (sürücülük vəsiqəsi, etibarnamə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, icbari tibbi sığorta şəhadətnaməsi və s) yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər.

Nəqliyyat vasitəsini idarə edən şəxsin sənədləri qaydasındadırsa və o, yol hərəkəti qaydalarını pozmamışdırsa, ona hərəkəti davam etməyə icazə verilir.

Nəqliyyat vasitəsinin dayandırılması tələbi sürücü tərəfindən yerinə yetirilmədikdə, pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi, hərəkət istiqaməti, dövlət qeydiyyat nişanı və digər mühüm əlamətləri göstərilməklə Daxili İşlər Nazirliyinin digər əməkdaşlarına radio-cihaz vasitəsilə məlumat verilir və bundan sonra yazılı formada müvafiq raport tərtib edilir.

Nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər.

Yol hərəkəti qaydalarının pozuntusu aşkar olunduqda faktla bağlı inzibati xəta haqqında protokol tərtib edilir (qaydanı bir neçə şəxs pozmuşdursa, onlardan hər biri barədə ayrıca inzibati protokol tərtib edir).

Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur.

Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

Benefisiar.org

Oxunub: 7864

Əvvəlki məqaləMüəlliflərin əmlak hüquqları ilə bağlı qonorarların məbləği açıqlanıb
Növbəti məqaləBu şəxslər pensiya ala bilməyəcək