İcra hakimiyyətlərinin məişət zorakılığına laqeydliyi

Vəkil
Rövşanə Rəhimli – Vəkil

Benefisiar.org vəkil Rövşanə Rəhimlinin məişət zorakılığı ilə bağlı yaranan problemlər haqda yazısını təqdim edir.

Məişət zorakılığı bəlası dünyada olduğu kimi Azərbaycanda da aktuallığını qoruyub saxlayır. Bunun səbəbləri dərin və mürəkkəbdir. Məişət zorakılığına məruz qalanların dəqiq statistikası aydın deyil. Heç də bütün hallar polisə məlum olmur. Bəs “Məişət zorakılığının qarşısının alınması” haqqında Azərbaycan Respublikasının Qanunu nə deyir?

Qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.

Son zamanlarda bu mövzuda verilən sualların əsas hissəsi məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmasa belə onun hüquq və manafelərini pozması halındakı vəziyyətidir. Qanun bu barədə konkretdir. Bu halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər. Xüsusi olaraq xatırlatmaq lazımdır ki, bu Prezident fərmanı və sözügedən qanuna görə müvafiq icra hakimiyyəti dedikdə yerli icra hakimiyyəti nəzərdə tutulur.

Ancaq praktikada isə yerli icra hakimiyyətləri bu vəzifələrini yerinə yetirmirlər. Belə ki, son aylar ərzində vəkili olduğum məişət zorakılığından zərər çəkən şəxslərin “qısa müddətli mühafizə orderinin” verilməsi ilə bağlı ərizələrimiz araşdırılmır. Bir çox hallarda İcra Hakimiyyəti orqanları tərəfindən ərizələrə sözü gedən Qanunun tələblərinə uyğun olaraq 24 saat ərzində yox, 15 gündən 30 günə qədər müddət ərzində baxılır. Onlar müraciətə baxarkən operativ və qanuna uyğun davranmır, “Məişət zorakılığının qarşısının alınması” qanunu ilə “Vətəndaş müraciətlərinə baxılmasını” qanununu qarışdırırlar. (Bu qanunda müddət 15-30 gündür)

Müafizə Orderini almaq da müşkülə çevrilib. Belə ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edib, dərhal zərər çəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verməlidir, İcra Hakimiyyəti orqanlarının yuxarıda sadalanan hərəkətləri (hərəkətsizliyi) ciddi hüquq pozuntusu hesab olunmalıdır.

İcra Hakimiyyəti orqanları “qısa müddətli mühafizə order”ini verməkdən imtina etməklə sözü gedən Qanunun effektivliyini azaldmaqla yanaşı, zərərçəkmiş şəxslərin qarşılaşdığı problemə biganə münasibət bəsləmiş olurlar. Sözügedən məsul şəxslər bu laqeydliyin nəticəsi olaraq qurbanların həyatlarının təhlükədə olmasını ya görmürlər ya da görüb dərk etmək istəmirlər.

Məsələn iyun ayının 8-də “qısamüddətli mühafizə orderinin” verilməsi ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə mürəciət etmişik. Məsələ ilə bağlı dəvət olunub izahat verməyimizə, üzərindən bir aydan çox zaman keçməsinə baxmayaraq hələ də mühafizə orderi bizə təqdim olunmayıb. Bu barədə müraciətimizə isə məsul şəxs olan icra başçısının müavininin məzuniyyətdə olması cavabını verir.

Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılma” Qaydasının 3.1-ci bəndinə əsasən, yerli icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı şikayətə 5 (beş) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Həmin müddətdə Qanunun 8-ci maddəsinə uyğun olaraq ilkin araşdırma aparılmalı, məişət zorakılığı faktının mövcudluğu aşkar edildikdə, zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülməli və məişət zorakılığı halının aradan qaldırılması ilə bağlı gələcək fəaliyyət müəyyən edilməlidir.

Qaydanın 5.1-ci bəndinə əsasən, məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilir və zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilir.

Qaydanın 5.2-ci bəndinə əsasən, müraciət edilən vaxtdan 24 saat keçənədək, zorakılığı törədən şəxsə xəbərdarlıq edilir və dərhal zərər çəkmiş şəxsə 30 (otuz) gün müddətinədək qısamüddətli mühafizə orderi verilir.

Qaydanın 5.3-cü bəndinə əsasən,məişət zorakılığı ilə bağlı verilmiş xəbərdarlığın icrasına bu barədə qərar qəbul etmiş orqan tərəfindən nəzarət edilir. Xəbərdarlığın icrasına nəzarət məişət zorakılığı törətmiş şəxsin hərəkətlərinin diqqət mərkəzində saxlanılması, habelə onunla və zərər çəkmiş şəxslə söhbətlərin aparılması formasında həyata keçirilir. (Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılma” Qaydası).

Hesab edirəm Nərimanov rayon İcra Hakimiyyətindən aldığım cavab həmin orqanlarının bu Qanuna münasibətlərindən və Qanunun icrasının hansı səviyyədə olmasından gözəl xəbər verir.

Belə olan halda isə üzümü Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Ombudsman Aparatına, Prezident Administrasiyasına və digər aidiyyatı qurumlara tutaraq bu məsələləri nəzarətə götürmələrini xahiş edirəm.

Əvvəlki məqaləHəftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın müddəti artırıldı
Növbəti məqalə“Azəriqaz”ın rəhbərliyi bu rayonların sakinləri ilə görüşlər keçirəcək