Yol kənarında reklam qurğularının yerləşdirilməsi ilə bağlı tələblər

Reklam qurğularının yol kənarında yerləşdirilməsinə dair tələblər “Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 468 nömrəli qərarında öz əksini tapıb.

Öncə onu qeyd edək ki, açıq məkanda reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr və ya bundan çox təşkil edən reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi verir. Həmin qayda sahəsi 60 kvadratmetrdən az olan reklam qurğularına şamil edilmir. Bunun üçün aidiyyəti orqanın məlumatlandırılması kifayət edir.

 Avtomobil yollarının kənarında yerləşdirilən reklam qurğuları:

  • yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli;
  • yol hərəkəti nişanlarına və yazılarına bənzəməməli;
  • yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamalı;
  • yolda nəqliyyat vasitəsinin, piyadanın və ya digər bir obyektin olması təəssüratını yaratmamalı, habelə sürücülərin, piyada və velosipedçilərin hərəkətinə mane olmamalı və hərəkəti çətinləşdirməməlidir.

 Qeyd olunanlarla yanaşı: 

  • avtomobil yollarının kənarında torpaq sahəsində qaçan sətirlə reklam yayımlayan qurğuların yerləşdirilməsi, o cümlədən səsli reklam qurğularının yerləşdirilməsinə yol verilmir.
  • reklam qurğularında sənaye üsulu ilə hazırlanmış, elektrik və yanğın təhlükəsizliyi üzrə tələblərə cavab verən işıqlandırma cihazlarından istifadə olunmalıdır.
  • reklamın xarici və ya daxili işıqlandırılması zamanı işıqlandırma cihazları və qurğuları işıq şüalarının birbaşa yolun hərəkət hissəsinə düşməməsi şərtilə yerləşdirilməlidir.

Reklam qurğularının aşağıdakı yerlərdə quraşdırılmasına icazə verilmir:

  • yol nişanları və svetoforla birlikdə, onların dirəklərində və eyni en kəsikdə;
  • dəmiryol keçidlərində, körpü keçidlərində, tunellərdə və yolötürücülərinin altında, həmçinin onlarla yaşayış məntəqələri arasında 350 metrdən, yaşayış məntəqələrində isə 50 metrdən az məsafədə olan yerlərdə;
  • avtomobil yollarının çəpərlərində və nəqliyyat axınını istiqamətləndirici qurğularda;
  • istinad divarlarında, ağaclarda, qayalarda və digər təbiət obyektlərində;
  • avtomobil yolunun görünmə məsafəsi yaşayış məntəqələrindən kənarda 350 metrdən, yaşayış məntəqələrində isə 150 metrdən az olan sahələrdə;
  • yaşayış məntəqələrindən kənarda ümumi istifadədə olan müntəzəm sərnişin nəqliyyat vasitələrinin dayanacaqlarından 25 metrdən, yaşayış məntəqələrində isə 15 metrdən daha yaxın məsafədə;
  • eynisəviyyəli piyada keçidlərində, avtomobil yollarının bir səviyyədə hər hansı kəsişməsinin torpaq sahəsində və onların sərhədləri daxilində, həmçinin onlarla yaşayış məntəqələri arasında 150 metrdən az məsafədə;
  • piyadalar üçün nəzərdə tutulmuş səkilərdə reklam qurğularının dayaqlarının quraşdırılması qadağan olmaqla, eyni zamanda reklam lövhəsinin ən son kənarı avtomobil yolunun torpaq yatağının daşından (bordür daşından) yaşayış məntəqələrindən kənarda 10 metrdən, yaşayış məntəqələrində isə 2 metrdən az məsafədə;
  • videomüşahidə və nəzarət kameralarının dirəklərində və onların köməkçi qurğularında.

 Qeyd: Avtomobil yollarının kənarında reklam lövhəsinin və ya onu bərkidən konstruksiyaların aşağı kənarı reklam qurğusunun yerləşdiyi sahənin səviyyəsindən 2,5 metrdən az olmayan hündürlükdə yerləşdirilir, habelə yolun hərəkət hissəsinin üstündə quraşdırılarkən, həmin məsafə 5 metrdən az olmamalıdır.

Stasionar (yeri dəyişdirilməyən) reklam qurğularının bünövrəsi torpaq üzərində yaşıllıqların bərpası şərtilə qrunt səthindən 15-20 sm dərinliyə salınmalıdır.

Avtomobil yollarının kənarında və digər nəqliyyat infrastrukturu obyektlərində nəqliyyat və piyadaların hərəkətinin tənzimlənməsi, təşkili məqsədi ilə quraşdırılmış elektron tablolar reklam daşıyıcıları hesab edilmir.

Hazırladı: Ülkər Həmidli – hüquqşünas

Oxunub: 664

Əvvəlki məqaləXüsusi ehtiyat fondlarının vergiyə cəlb olunması qaydası təsdiqləndi
Növbəti məqaləKarantinlə bağlı bu məhdudiyyətlər yumşaldılır