Başqasının əmlakından necə istifadə etmək olar?

Uzufrukt – əşya və ya hüquqların şəxsin xeyrinə elə yüklü edilməsidir ki, şəxs onlardan istifadə edə, faydalana bilər. Ancaq mülkiyyətçidən fərqli olaraq həmin şəxs bu əşyanı və hüquqları girov qoymaq, özgəninkiləşdirmək və ya vərəsəlik üzrə vermək hüququna malik deyildir.

Uzufrukt haqqı sahibinin əşyaya sahiblik etmə, istifadə etmə, gəlirlərindən faydalanma kimi huquqları ilə yanaşı vergi, qulluq, mühafizə, sığorta xərcləri kimi ödəmə mükəlləfiyyətlərini də nəzərdə tutur. Mülkiyyətçinin razılığı olmadan uzufrukt istifadəçisi istifadə məqsədini dəyişdirə bilməz. Uzufrukt haqqı müddətli olur, ancaq qanunda dəqiq bir müddət nəzərdə tutulmayıb.

Servitut – daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə, mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.

  • Servitutun predmeti həmişə daşınmaz əşyadır.
  • Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır.
  • Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz.
  • Servitut torpaq sahəsindən piyada, avtomobillə keçidin, elektrik, rabitə xətlərinin, boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər.

Tikintiyə vərəsəlik – tikintiyə vərəsəlik hüququ olan şəxsin özgə mülkiyyətçiyə məxsus torpaq sahəsindən məhdud istifadə hüququnu nəzərdə tutmaqla bu cür istifadə ilə bağlı meydana çıxan münasibətləri tənzımləyir. Torpaq sahəsinin üstündə və ya altında olan tikilini özgəninkiləşdirmək və vərəsə vermək hüququ torpağın mülkiyyətçisinə deyil, xeyrinə yüklülük aparılan şəxsə məxsus olur. Tikintiyə vərəsəlik hüququnun müddəti tərəflərin razılaşması ilə müəyyənləşdirili, lakin xüsusi mülkiyyətdə olan torpaq sahələri üçün – 99 ildən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə – 49 ildən çox ola bilməz. Tikintiyə vərəsəlik hüququ onun verildiyi müddət qurtardıqda və ya tərəflər qarşılıqlı razılaşmaya gəldikdə ləğv edilir. Tikintiyə vərəsəlik hüququ haqqında müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır.

Hazırladı: Rəvanə Mehdili – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Oxunub: 1358

Əvvəlki məqaləDYP sürücülərə xəbərdarlıq etdi
Növbəti məqaləCinayət hüququnda alibi