Əmək müqaviləsinin əvəzçilik formasında bağlanması qaydası

İki iş yerində işləyə bilərəmmi?

Bəli, öncə onu qeyd etmək lazımdır ki, əmək qanunvericiliyinə görə əmək müqaviləsi müddətli, müddətsiz və əvəzçilik üzrə bağlanıla bilər.

İndi isə əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması qaydası ilə tanış olaq:

Əmək Məcəlləsinin 58.1-ci maddəsinə görə əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər.

Buradan aydın olur ki, şəxs başqa iş yerində də işləmək istəyirsə, əvəzçilik qaydasında əmək müqaviləsi bağlamalıdır. Əvəzçilik üzrə əmək müqaviləsi əsas iş yerində bağlanmış müqavilə formasında olur. Əsas iş yerindən əlavə yalnız bir müəssisə, idarə və təşkilatda əvəzçilik üzrə işləməyə icazə verilir.  Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.

İş vaxtının müddəti:

Əvəzçilik üzrə iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən olunur. Tərəflər iş vaxtının müddətini razılaşdırarkən aşağıdakıları nəzərə almalıdırlar:

  • gündəlik normal iş vaxtının müddəti 4 saatdan
  • gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 20 saatdan çox olmamalıdır.

İşəgötürənin razılığı:

İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. Lakin iş vaxtı ərzində əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir.

Əzəvçilik üzrə işləməyin qadağan olunduğu hal:

Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir. Çünki eyni peşə və vəzifələr üzrə əlavə iş vaxtı işçilərin sağlamlığına mənfi təsir göstərər və yaxud istehsalın təhlükəsizliyinə səbəb ola bilər. Bu məhdudiyyətlər, həmçinin 18 yaşına çatmamış şəxslərə və hamilə qadınlara da şamil olunur. Belə bir məhduddiyyət işçilərin hüquqularının məhdudlaşdırılması kimi başa düşülməməlidir. Çünki bu kimi məhdudiyyət insanların sağlamlığının mühafizəsinə xidmət edir.

Yaşı 18-dən az olan işçilərin əvəzçilik üzrə işləməsi:

Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi  onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilə bilər. Belə ki, 16 yaşdan aşağı olan işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan çox olmayan müddətə qısaldılmış iş vaxtı müəyyən edilir.

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması üçün əmr (qərar, sərəncam) verilməsi:

Əmək Məcəlləsinin 82-ci maddəsinə əsasən əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir.

Əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır.

 Əmək haqqının ödənilməsi qaydası:

Əvəzçilik üzrə işləyən işçilərin əmək haqqı mövcud əmək şəraiti nəzərə alınmaqla faktiki yerinə yetirilən işə görə ödənilir. Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir.

 Əvəzçilik üzrə işləyən işçilərə məzuniyyət verilməsi qaydası:

Əmək Məcəlləsinin 110.2-ci maddəsinə görə əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin qanunvericiliklə müəyyən edilmiş məzuniyyətlərin bütün növlərindən istifadə etmək hüququ var. Əvəzçilik üzrə işləyən işçilərin məzuniyyəti əsas iş yeri üzrə məzuniyyətlə bir vaxtda verilir. Yəni əvəzçilik üzrə işləyən işçilər üçün məzuniyyət qrafiki nəzərdə tutulmur.

Belə ki, həmin Məcəllənin 114.4-cü maddəsinə görə natamam iş vaxtı şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir. Həmin işçilər üçün məzuniyyət vaxtı orta əmək haqqının hesablanması və ödənilməsi qaydası əsas işçilər üçün müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir.

Hazırladı: Ülkər Həmidli – hüquqşünas

Oxunub: 1582

Əvvəlki məqaləCinayət hüququnda alibi
Növbəti məqaləBu dozanı vurduran vətəndaşların “İmmunitet sertifikatı” müddətsiz olacaq