DOST Agentliyinə hansı məsələlərlə bağlı müraciət etmək olar?

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindədir. DOST Agentliyinin məqsədi əhalinin dövlət tərəfindən təklif edilən əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə müasir, operativ və elektron xidmətlərin tətbiqi vasitəsilə rahat çıxışını təmin etməkdir.

DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı aşağıdakı kimidir:

  1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi:

Arayışlar bu istiqamətlər üzrə verilir:

  • Məşğulluq;
  • Əmək pensiyası;
  • Sosial müavinətlər və təqaüdlər;
  • Ünvanlı dövlət sosial yardımı;
  • Sosial sığorta;
  • Sosial xidmət;
  • Əlillik və sağlamlıq imkanlarının məhdudluğu;
  • Övladlığagötürmə.
  1. Əmək münasibətləri sahəsində işəgötürənlərə və işçilərə göstərilən xidmətlər:
  • əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi;
  • işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi;
  • müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;
  • əmək və sosial qanunvericiliklə bağlı təlimlərin təşkil edilməsi.
  1. Əlillik və sağlamlıq imkanlarının məhdudluğu sahəsində göstərilən xidmətlər:
  • əlilliyin qiymətləndirilməsi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi;
  • əlilliyi olan şəxsin xüsusi nəqliyyat vasitələri ilə təmin edilməsi;
  • əlilliyi olan şəxsin xüsusi nəqliyyat vasitələri ilə təmin edilməsi üçün tibbi göstərişin verilməsi;
  • xüsusi nəqliyyat almaq üçün tibbi göstərişi olan əlillərin avtomobil və ya motorlu araba ilə təmin edilməsi məqsədilə növbəyə götürülməsi;
  • istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin ölümünün, qeyd edilən hadisələrlə əlaqəsinin müəyyənləşdirilməsi;
  • əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiya vasitələri ilə təmin edilməsi;
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki əlilliyi olan şəxslərin bərpa-müalicə mərkəzlərinə tibbi göndəriş verilməsi;
  • sosial-pedaqoji xidmət göstərilməsi üçün müraciətin qəbulu;
  • fərdi reabilitasiya və abilitasiya proqramının tərtib edilməsi;
  • sosial-psixoloji xidmət göstərilməsi;
  • əlilliyi olan şəxsə əmək zəmanətinin müəyyən edilməsi;
  • istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirmiş sığortaolunana əlavə sığorta ödənişinin verilməsi.
  1. Məşğulluq sahəsində göstərilən xidmətlər:
  • işçilərin sayı və ştatların ixtisarı zamanı işdən çıxarılacaq işçilər haqqında rəsmi məlumatın qəbul edilməsi;
  • vətəndaşların haqqı ödənilən ictimai işlərə cəlb olunması barədə göndərişlərin verilməsi;
  • vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi;
  • işsizlikdən sığorta ödənişinin təyin edilməsi;
  • peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün təyin edilməsi;
  • işsiz şəxslərə münasib işə dair göndərişin verilməsi və vakant iş yerinin tutulub-tutulmamasına dair işəgötürənin qərarının qəbul edilməsi;
  • fərdi məşğulluq proqramının hazırlanması;
  • özünüməşğulluq proqramı çərçivəsində dəstək göstərilməsi;
  • peşə kurslarının təşkil edilməsi, işaxtaran və işsiz şəxslərin peşə hazırlığına cəlb olunması üçün göndəriş verilməsi;
  • vətəndaşların kvota yerləri üzrə işlə təmin edilməsi;
  • işaxtaran və işsiz şəxslərə vakansiyalar haqqında məlumat verilməsi.
  1. Əmək pensiyası və sosial müavinət sahələrində göstərilən xidmətlər:
  • əmək pensiyalarının təyin edilməsi;
  • xaricə köçmüş şəxsə əmək pensiyasının ödənilməsi;
  • beynəlxalq müqavilələr üzrə pensiyanın təyin edilməsi;
  • sosial müavinətlərin (müavinətlərin) təyin edilməsi;
  • birdəfəlik müavinətlərin təyin edilməsi;
  • aylıq müavinətlərin təyin edilməsi;
  • əlilliyə görə müavinətin təyin edilməsi.
  1. Ünvanlı dövlət sosial yardımın təyin edilməsi:
  2. Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi
  3. Sığortaolunanların fərdi uçota alınması və uçotdan çıxarılması
  4. Sosial xidmət sahəsində göstərilən xidmətlər aşağıdakılardır:
  • müəyyən yaşayış yeri olmayan şəxslərin müvəqqəti sığınacaqla təmin olunması;
  • məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi;
  • baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial xidmət müəssisələrinə qəbul edilməsi;
  • təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqların sosial xidmət müəssisələrinə qəbul edilməsi;
  • ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əməkqabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərin (ailələrin) sosial xidmət müəssisələrinə qəbul edilməsi;
  • “Əmək veteranı” adı və vəsiqəsinin verilməsi.
  1. Övladlığagötürmə:
  • övladlığa götürmə ilə bağlı müraciətlərin qəbul edilməsi;
  • övladlığagötürmə sahəsində məsləhət və məlumat verilməsi.

Qeyd: Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə dair məsələlərlə bağlı, o cümlədən sosial təminat, əlilliyin müəyyən edilməsi və tibbi-sosial reabilitasiya, məşğulluğun təminatı, iş yerlərində əmək qanunvericiliyinə əməl olunması və bu sahələr üzrə elektron xidmətlərdən istifadə ilə əlaqədar məlumat, sorğu və şikayət xarakterli müraciətlər üçün “142” qaynar xətlə əlaqə saxlaya, eləcə də müvafiq DOST mərkəzlərinə, yaxud da Dövlət Məşğulluq Agentliyinin müvafiq Ərazi Məşğulluq Mərkəzinə müraciət edə bilərlər.

Hazırladı: Rəvanə Mehdili – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Oxunub: 1274

Əvvəlki məqalə“Qadınlar Qayıdır!”
Növbəti məqaləQiyabi oxuyan tələbələrə təhsil krediti niyə verilmir?