Qadın işçilərlə əmək müqaviləsinin bağlanma qaydası

Əmək qanunvericiliyinə görə əmək münasibətlərində cinsinə, dilinə, dininə, irqinə, yaşayış yerinə, əmlak vəziyyətinə, yaşına, ailə vəziyyətinə və bu kimi digər amillərə görə işçilər arasında hər hansı ayr-seçkiliyə  yol verilməsi, onların hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

Əmək Məcəlləsində qadın işçilərlə əmək müqaviləsi bağlanılarkən fərqli qayda müəyyən olunub. Belə ki, əgər siz hamiləsinizsə və ya 3 yaşına çatmamış uşağınız varsa, buna görə sizinlə əmək müqaviləsinin bağlanmasından imtina edilə bilməz.

Lakin qadın əməyinin tətbiqi qadağan olunan iş yerlərində işəgötürən qadınların səhhətini və fizioloji vəziyyətini nəzərə alaraq onlarla əmək müqaviləsi bağlamaqdan imtina edə bilər.

Qadın əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Belə ki, Azərbaycan Respublikasının  Nazirlər Kabinetinin  2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarında  əmək şəraiti ağır  və zərərli  olan işlərin  siyahısı göstərilmişdir. Hamilə və 3 yaşınadək uşağı olan qadınların əmək şəraiti ağır və zərərli olan iş yerlərində, şaxtalarda, tunellərdə, dağ-mədən işlərində həmin siyahıda nəzərdə işlərin görülməsinə cəlb olunması qadağandır.

Əgər sizinlə hamiləliyinizə və ya 3 yaşınadək uşağınız olduğuna görə əmək müqaviləsi bağlanmasından imtina edilərsə, bu zaman siz imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək  hüququna maliksiniz.

Qadın işçilər əmək müqaviləsi bağlanmasından imtinanın səbəbləri barədə öz hüquqlarının müdafiəsi üçün məhkəməyə də müraciət edə bilərlər.

Hazırladı: Rüxsarə Məmmədova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Hüquqşünas
Rüxsarə Məmmədova

Oxunub: 513

Əvvəlki məqaləİcarəyə götürülmüş avtomobillərdəki nasazlığa görə məsuliyyəti kim daşıyır?
Növbəti məqaləBakı məktəblərində valideyn komitələri yeni təşkilatlarla əvəzlənəcək