Ünvanlı dövlət sosial yardım hansı hallarda dayandırılır?

Ünvanlı dövlət sosial yardımın (ÜDSY) məqsədi, prinsipləri, bu yardımı almaq hüququ olan ailələr, o cümlədən bu yardımın verilməsinin dayandırılması halları “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb.

Sözügedən qanunun 10-cu maddəsində bu yardımı almaq hüququ olan şəxslərin müraciətlərinə yenidən baxılması halları (ÜDSY dayandırılması halları) göstərilib.

Qısa şəkildə bu hallara nəzər salaq:  

  1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə tam və düzgün məlumat verməlidir. Belə ki, əgər müraciət etdikdən sonra ailənin tərkibi, əmlakı və gəliri  barədə məlumatlar dəyişildikdə  yardımın verilməsi dayanacaqdır. (10.1-ci maddə)
  2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana 15 iş günü müddətində məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum deyiləndə, müvafiq ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) idarələri nəzərdə tutulur. Ailənin gəlirlərində dətyişiklik baş verdikdə, lakin bu barədə aidiyyəti quruma məlumat verilmədikdə ünvanlı dövlət sosial yardımın ödənilməsi dayandırılacaq. (10.2-ci maddə)
  1. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud Qanunun 10.2-ci maddəsinin tələbi (15 iş günü müddətində məlumat vermək) pozulduqda, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. (10.4-cü maddə)
  1. Aztəminatlı ailənin üzvü “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünəməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünəməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır.
  2. Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (DSMF) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

Hazırladı: Aynur Bağırova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi 

Oxunub: 2393

Əvvəlki məqaləHərbi həkim ekspertizası ilə bağlı əsasnaməyə dəyişiklik edildi
Növbəti məqaləElektrik sayğaclarının quraşdırılması qaydası dəyişdi