Təhsilverənlərin hansı hüquq və vəzifələri var?

Təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, “Təhsil haqqında” Qanun və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir.

Təhsilverənlərin hüquqları aşağıdakılardır:

  1. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;
  2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, təkliflər irəli sürmək;
  3. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq;
  4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
  5. təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;
  6. yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək;
  7. müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq;
  8. təhsil müəssisəsində uzun müddət qüsursuz çalışan və onun elmi-pedaqoji həyatında mühüm xidmətləri olan professorlara aylıq əmək haqqı və əlavələr, digər güzəştlər və imtiyazlar saxlanılmaqla, akademik və inzibati vəzifədən azad olunmaq şərti ilə məsləhətçi-professor vəzifəsini tutmaq;
  9. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Təhsilverənlərin vəzifələri aşağıdakılardır:

  1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
  2. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək;
  3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
  4. təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
  5. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

5-1. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək; 

  1. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;
  2. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək;
  3. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək;

8-1. valideynlərlə əməkdaşlıq etmək, təhsilalanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq; 

8-2. təhsil müəssisəsinin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;

  1. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sertifikatlaşdırmadan) keçmək;
  2. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Təhsilalanların hüquqları dövlət tərəfindən təmin olunur.

“Təhsil haqqında”  qanunda nəzərdə tutulmuş hüquqlarınızın pozulduğu halda Təhsil Nazirliyinin  (+994 12) 599-11-55 (daxili nömrəni bildiyiniz halda) / (+994 12) 496-06-47 nömrələri,  994512067848 Whatsapp nömrəsi ilə, habelə 146  qaynar xətlə əlaqə saxlaya bilərsiniz.

Hazırladı: Rüxsarə Məmmədova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Hüquqşünas
Rüxsarə Məmmədova – Hüquqşünas

Oxunub: 2100

Əvvəlki məqaləTƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi Müşahidə Şurası həyata keçirəcək
Növbəti məqaləVahid e-xidmətlər portalı yaradılıb