Gömrük Bəyannaməsi nədir?

Gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının (Dövlət Gömrük Komitəsinin) müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir.

Malların xassələrinin, mənşəyinin, vəziyyətinin, miqdarının və dəyərinin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğunluğu yoxlanılır.

Bəyanetmə necə həyata keçirilir?

Bəyanetmə nədir – Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi;

Gömrük bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla gömrük orqanlarına təqdim edilir. Bəyanetmə qanunvericilikdə nəzərdə tutulmuş hallarda şifahi, kağız üzərində yazılı formalarda və ya müvafiq malların gömrük proseduru altında yerləşdirilməsinə şərait yaradan digər üsullarla da həyata kecirilə bilər. Elektron formada təqdim olunan gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannamələri bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən həmçinin möhürlə təsdiq edilməlidir.

Gömrük bəyannaməsi gömrük orqanına nə vaxt verilir?

Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir.

Qeyd: Gömrük bəyannaməsinin təqdim edilməsinin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn növbəti iş günü müddətin bitdiyi gün hesab edilir. Gömrük ərazisindən aparılan mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisindən çıxarılarkən verilməlidir.

Gömrük bəyannaməsinin forması, birgə təqdim olunan sənədlər:

Gömrük bəyannaməsinin forması və malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün onunla birgə təqdim olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Dövlət Gömrük Komitəsi) müəyyən edilərək rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir.

Gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsi hansı şərtlərə uyğun olmalıdır?

  • malların nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid olmasını;
  • gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu;
  • gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olub-olmamasını;
  • gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğunluğunu;
  • gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsini.

Gömrük bəyannaməsi yuxarıda göstərilən şərtlərə cavab verdikdə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. Gömrük bəyannaməsi təsdiq edildikdən sonra bəyannaməçinin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparılmasına və ya onun geri götürülməsinə gömrük orqanları tərəfindən icazə verilir.

Hansı hallarda gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir?

  • gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu bildirdikdən sonra;
  • gömrük orqanları gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra;
  • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra.

Hansı hallarda gömrük orqanları təsdiq olunmuş gömrük bəyannaməsini bəyannaməçinin müraciəti əsasında ləğv edirlər?

  • mallar dərhal başqa gömrük proseduru altında yerləşdirilməli olduqda;
  • fors-major halları ilə əlaqədar malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi mümkün olmadıqda.

Gömrük bəyannaməsi malların buraxılışından sonra ləğv edilə bilməz.

Hazırladı: Rəvanə Mehdili – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Oxunub: 1193