Yol polisi yol hərəkəti iştirakçıları ilə necə davranmalıdır?

Yol-patrul xidməti inspektorunun yol hərəkətləri iştirakçıları ilə qarşılıqlı münasibəti aşağıdakı prinsiplərə əsaslanmalıdır:

  • insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi;
  • qanunçuluq;
  • qanun qarşısında bərabərlik;
  • təqsirsizlik prezumpsiyası;
  • ədalətlilik;
  • inzibati xətaların qarşısının alınması prinsiplərinə.

 “Yol-patrul xidməti haqqında” Təlimata əsasən yol hərəkəti iştirakçılarına müraciət edərkən:

  • YPX inspektoru sağ əlini baş geyiminə yaxınlaşdıraraq, hərbi təzim qaydasında salam verib öz vəzifəsini, xüsusi rütbəsi və soyadını deməklə özünü təqdim etməli, nəqliyyat vasitəsinin dayandırılması səbəbini bildirməlidir. Vətəndaş tərəfindən ona müraciət edildiyi halda, əməkdaş eyni tələbləri yerinə yetirərək yardım göstərməli, qoyulmuş məsələnin həlli üçün lazımi köməklik göstərməlidir.
  • Müvafiq sənədlərin yoxlanması zamanı təqdim edilən sənədlər cildsiz qəbul edilməli, sənədlərin arasında aidiyyəti olmayan kağızlar olduqda onların təqdim edən şəxs tərəfindən götürülməsi təmin edilməli, götürülmüş sənədlərlə səliqəli davranılmalı və onlarda hər hansı qeydlər edilməməlidir.
  • Vətəndaşlarla söhbət zamanı yol polisi əməkdaşları təmkinli olmalı, mübahisələrə girməməli, soyuqqanlılığını itirməməli, kobudluğa kobudluqla cavab verməməlidir.
  • YPX inspektorunun hərəkətləri yol hərəkəti iştirakçılarına aydın olmalı, sürücülərə siqnallar isə onların məcburən digər nəqliyyat vasitələrinin hərəkətinə maneələr yaratmasına yol verməmək üçün (qəflətən əyləcin basılması, manevr etmək zərurəti) vaxtında verilməlidir.
  • YPX inspektoru nəqliyyat vasitəsini dayandırdıqda yubanmadan sürücüyə yaxınlaşmalı və dayandırma səbəblərindən, yol hərəkəti iştirakçılarının vəziyyəti və davranışından asılı olaraq hərəkət etməlidir.

YPX inspektoru aşağıdakı hallarda sürücüyə nəqliyyat vasitəsinin kabinəsindən (salonundan) çıxmağı təklif edə bilər:

  • nəqliyyat vasitəsinin texniki nasazlığının və ya yükün daşınması qaydalarının pozulması hallarının aradan qaldırılması üçün;
  • sürücünün sərxoş vəziyyətdə olduğunu ehtimal etmək üçün kifayət qədər əsas olduğu halda;
  • nəqliyyat vasitəsinin aqreqat və detallarının nömrələrinin qeydiyyat sənədlərindəki qeydlərlə sürücünün iştirakı ilə tutuşdurulması üçün;
  • nəqliyyat vasitəsi və yükə baxış keçirilməsi üçün;
  • sürücü və ya sərnişinlərin cinayət törətməsində şübhəli bilindiyi halda;
  • yol hərəkətinin digər iştirakçılarına yardım göstərilməsinə köməkliyin tələb edildiyi və ya müvafiq sənədləşmənin aparıldığı hallarda.

    Yuxarıda qeyd olunanlarla yanaşı:  

  • Sürücü nəqliyyat vasitəsini qaçırmaqda və sürücü və ya sərnişinlərin cinayət törətməkdə şübhəli bilindiyi hallarda, yol-nəqliyyat hadisəsi törətməklə hadisə yerindən qaçdıqda YPX əməkdaşı nəqliyyat vasitəsinin saxlanmasının əsl səbəbini bildirməməli, öz niyyətini büruzə vermədən sürücü ilə danışmaq üçün bəhanə tapmalıdır.
  • Sərəncamlar qısa və aydın verilməli, onların ünvanlandığı şəxslər tərəfindən yanlış və ya ikimənalı başa düşülməməlidir.
  • Yol hərəkəti qaydalarını pozan şəxsə onun hərəkətlərinin qeyri-qanuni olması xeyirxahlıqla, inandırıcı şəkildə və aydın izah edilməlidir.
  • Yanında uşaqlar olan şəxslərə iradları elə bildirmək lazımdır ki, uşaqlar bunu eşitməsin. DYP əməkdaşı yeniyetmələrlə də böyüklərlə olduğu kimi nəzakətlə davranmalıdır. Uşaqlara iradlar bildirilərkən onların yaşı və inkişaf səviyyəsi nəzərə alınmalıdır.
  • YPX inspektorlarının yol hərəkəti iştirakçılarından hər hansı bir qiymətli əşya və ya hədiyyə qəbul etməsi qadağandır.
  • YPX inspektoru yolda məcburi dayanmış və hərəkətə maneə yaradan nəqliyyat vasitəsi sürücülərinə dayanmanın səbəblərinin aradan qaldırılmasında kömək etməli, lazım gəldikdə digər hərəkət iştirakçılarını da yardım göstərilməsinə cəlb etməlidir.
  • Ümumi istifadədə olan nəqliyyat vasitəsi texniki nasazlıq səbəbindən dayandıqda onun sərnişinlərini eyni istiqamətdə gedən nəqliyyat vasitələri ilə yola salmalıdır.
  • YPX inspektoru yolu keçmək istəyən qocalara, əlilliyi olan şəxslərə və uşaqlara köməklik göstərməlidir. Uşaqların tədris müəssisələrinə və geriyə hərəkəti zamanı yolun qəza təhlükəli sahələrində olmalı, onların təhlükəsizliyini təmin etməlidir.
  • Münaqişəli vəziyyətlər yarandığı halda və ya yol hərəkəti iştirakçılarının tələbi ilə yol patrul xidməti əməkdaşı xidməti vəsiqəsini göstərməli, hüquqlarını və onların hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və ya məhkəməyəşikayət edilməsi qaydasını yol hərəkəti iştirakçısına izah etməli, vətəndaşa yazılı formada öz narazılığını bildirməyi təklif etməlidir.

Hazırladı: Ülkər Həmidli – hüquqşünas

Oxunub: 936

Əvvəlki məqaləMəktəb direktoru vəzifəsinə qəbul üzrə müsabiqə başlayır
Növbəti məqaləMSK-da yeni şöbə və sektorlar yaradılıb