Mənzil alarkən ödənilmiş ƏDV necə geri qaytarılır?

Bu hal Vergi Məcəlləsinin 165.6-cı maddəsi və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə tənzimlənir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulur:

  • Alıcı tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizi həmin şəxsə qaytarılır.
  • Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

Bu zaman alıcı və satıcı olaraq hansı şəxslər çıxış edir?

  • Satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı alıcı hesab olunur;
  • ƏDV ödəyicisi və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs satıcıdır.

Əlavə dəyər vergisi alıcıya nə zaman qaytarılır?

  • yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisi həmin sahələrin tam dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına ödənildikdə və ƏDV məbləği satıcının ƏDV depozit hesabına ödənildikdə;
  • yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra qaytarılır.
  • Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi dedikdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi başa düşülür.
  • alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri satıcıya tam şəkildə ödənildikdən 90 (doxsan) gün sonra müraciət edildikdə, ƏDV-nin qaytarılmasına yol verilmir.

Alıcı əlavə dəyər vergisinin qaytarılması üçün nə etməlidir?

Alıcı ƏDV-nin qaytarılması üçün satıcıdan nağdsız qaydada almış olduğu yaşayış və qeyri-yaşayış sahələrinə görə ona təqdim edilmiş elektron qaimə-faktura üzrə  portalda qeydiyyatdan keçərək elektron kabinetini yaratmalıdır. Daha sonra onun vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərməlidir:

1) yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti;

2) alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi.

  • Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.
  • ƏDV-nin geri qaytarılmasından imtina edildikdə alıcı bu barədə inzibati orqana və ya məhkəməyə şikayət verə bilər.

MTK tərəfindən elektron qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yaradılıb və 21 noyabr 2022-ci ildən istifadəyə verilib:

Hazırladı: Aynur Məhərrəmli – hüquqşünas

Oxunub: 1796

Əvvəlki məqaləBu şəxslər dövlət rüsumundan azad edilir
Növbəti məqaləCinayətlə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı fəaliyyət planı təsdiqləndi