Ağlabatan müddət

Hüquqçu Ənnağı Hacıbəylinin yazısını təqdim edirik. Yazı müəllifin facebook səhifəsindən götürülüb.

Bir neçə ay öncə facebookda belə bir status yazmışdım:

İmtahanlarda müddətlərlə bağlı testlərdən nadir hallarda istifadə olunmalıdır:

– müddətlərlə bağlı normalar əksər hallarda obyektiv meyarlara söykənmir;

– əzbərçilik tələb edir;

– qanuna düşüncəli, yaradıcı yanaşmaya mane olur və s.

O vaxt bu status müzakirələrə səbəb oldu. Bəzi hüquqçular yazdı ki, müddətlər hüquq müdafiəsi zamanı çox önəmlidir, ona görə də müddətlərlə bağlı çoxlu suallar olması düzgündür. O vaxt söz vermişdim ki, bu barədə yazacam. İndi o yazını diqqətinizə təqdim edirəm.

Mülki Məcəllə: meyarsız müddətlər

Başlıqlar: Ümumi qeydlər. Ağlabatan müddət. Qısaldılmış müddətlər. Qanuni müddətlər və müqavilə müddətləri.

Ümumi qeydlər.

Mülki Məcəllə ən böyük qanunvericilik aktıdır və əslində mülki qanunvericiliyin konstitusiyası sayılır. Onun müddəaları cari mülki qanunvericilik aktlarının məzmununa həlledici təsir göstərir. Bu baxımdan MM-in mükəmməlliyi çox önəmli məsələdir çünki onun keyfiyyəti bütövlükdə mülki qanunvericiliyin keyfiyyəti üçün baza rolunu oynayır.

Qanunverici hüquq normasını, özəlliklə sanksiyaları hüquqi, siyasi, iqtisadi, məntiqi, etik, hətta riyazi baxımdan əsaslandırmalıdır. Qanun yaradıcılığı sahəsində bu məsələlərlə bağlı çox ciddi problemlər var.

Bu yazının məqsədi başqa olduğundan ötəri qeyd edim ki, problemin kökü hüquq təhsilinə, Azərbaycan hüquq məktəbinin olmamasına, qanunvericilik institutu kimi müstəqil qurumların əslində yoxluğuna, normal, çağdaş demokratik qanunvericiliyin formalaşdırılmasına yönəlik siyasi iradənin yoxluğuna gedib çıxır. Əksər hallarda plagiatdan ibarət olan qanunlar üzərində iş isə xarici ölkələrdən götürülmüş qanunların axtalanmasından – demokratik müddəaların, sərbəst bazar iqtisadiyyatının təmin edilməsinə yönəlik qaydaların ixtisarından və ya qısıdıcı (məhdudlaşdırıcı) normaların kəşfindən ibarət olur.

Qayıdaq mətləbə. Hüquq normalarında istifadə edilən anlayışların hamısı konkretliyi ilə seçilmir və bu, mümkün də deyil. Elə situasıyalar olur ki, kazusu konkret, birmənalı hökmlərlə həll etmək mümkün olmur. Bəzən hətta gərək də deyil. Belə hallarda “ağlabatan müddət”, “ağlabatan qayda”, “ağlabatan tədbir”, “ağlabatan hərəkətlər”, “mühüm” (“önəmli yanılma”, “önəmli pozuntu”, “şəraitin önəmli dəyişməsi”), “vicdanlıq” və başqa anlayışlardan istiufadə olunur. Bu anlayışlar yetərincə, bəzən hətta aşırı dərəcədə abstrakt olduğundan onların praktik tətbiqində ciddi çətinliklər yaranır.

Bu anlayışların konkretləşdirilməsinə, izahına və təfsirinə ehtiyac var. Bu zaman çeşidli vasitələrdən istigadə olunur. Bir halda qanunverici bu vəzifənin icrasına girişərək definitiv norma qəbul edir və ya normanı izah edir, belə norma və izah olmadıqda isə MM-in 404-cü maddəsinə əsasən, məhkəmə qanuna təfsir verir, başqa halda təfsirin ayrı üsullarından, o sıradan doktrinal təfsirdən istifadə olunur. Təbii ki, bu problemin həllində önəmli vasitələrdən biri də Konstitusiya Məhkəməsinin (KM) qərarlarında qanunvericiliyin izah edilməsidir.

Bu vasitələrin heç biri qaneedici durumda deyil. Praktikada olan çətinliklərin əsas səbəbi bunlar olsa da, başqa səbəblər – hakim korpusunun və vəkillərin bu sahədə hazırlığının zəif olması, hakimlərin qanunlara hakim hüququ vasitəsilə şərh verməkdən çəkinməsi, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər və s. durumu daha da qəlizləşdirir.

Tematik çərçivədə bu yazıda özəl olaraq ancaq bir anlayışdan – ağlabatan müddətlə bağlı normalardan danışılacaq.

Bəlli olduğu kimi, müddətlər təyinatına görə 4 qrupa ayrılır:

1) mülki hüquqları yaradan müddətlər, məsələn, fəaliyyət qabiliyyətinin yaranması;

2) mülki hüquqların gerçəkləşdirilməsi müddətləri:

a) kəsici müddətlər (bu müddətdə hüququn reallaşdırılmaması hüququn xitamına səbəb olur, məsələn, mirası qəbul etmə müddəti);

b) qarantiya müddətləri;

c) pretenziya müddətləri;

3) vəzifələrin icrası müddətləri, (o sıradan ağlabatan müddət, qanunla müəyyən edilən müddətlər, müqavilə müddətləri və s.), məsələn, öhdəliyin icrası, icarə haqqının ödəmilməsi müddəti;

4) mülki hüquqların müdafiəsi müddətləri – iddia müddəti.
Başqa kriteriyalar əsasında da müddətlər təsnif edilə bilər. Hüquq ədəbiyyatında imperativ, dispozitiv, nisbi-müəyyən, mütləq müəyyən, qeyri müəyyən, ümumi, xüsusi və c. müddətlər fərqləndirilir.

Müddətlərin yeganə ümumi leqal kriteriyası MM-in 373-cü maddəsində müəyyən edilən qaydalardır.

“Ümumi iddia müddəti 10 il təşkil edir.

Müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir.

Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir”.

Öncə qeyd edim ki, MM-də müddətlər 10 illə məhdudlaşdırılmır. 250.3-cü maddədə 49, 99 illik müddətlərdən, 178.6 və 551.2.4-cü maddələrdə isə 30 illik müddətlərdən danışılır.

MM-də müddətlər qoyularkən qanunun özünün müəyyən etdiyi kriteriyalara əməl edilmir, əksər hallarda yuxarıda göstərilən kriteriyalar gözlənsə də, bir çox hallarda qanunverici heç bir meyara və məntiqə uyğun gəlməyən, havadan götürülmüş müddətlər müəyyən edir. Bu, qanunun tətbiqində, onun öyrənilməsində problemlər yaradır, qanunvericilik texnikası qaydalarının pozulması ilə nəticələnir. Qanun hüquqçuları düşünmək əvəzinə əzbərçiliyə sövq edir. Mahiyyətə varmaq, qanunun məntiqini tutmaq, təfsirə meyl, yaradıcı yanaşma həvəsi lokomotivdən yedəkçi vasitəyə çevrilir.

Bəzi örnəklər gətirim. Payı almaqda üstünlük hüququ ilə bağlı üç maddədə heç bir mənası və məntiqi olmayan fərqli qaydalar müəyyən edilir. 93.3-cü maddədə bu müddət 1 ay, 101.1-ci maddədə 30 gün, 218.2-ci maddədə isə 45 gündür.

Rəqabət üzərində qadağan qoyulması müddəti 729.1-ci maddədə françayz alan üçün 1 il, 799-cu maddədə isə ticarət agenti üçün 2 ildir.

1143-cü maddəyə əsasən, şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan 5 il ərzində irəli sürməlidirlər. Niyə məhz 5 il? O haradan götürülüb və onun meyarı nədir? Axı 373-cü maddə 3, 6, 10 illik müddətlər qoyub. Qanun bu halda daşınmaz əmlaka görə müddət qoymaq istəyirsə, müddət 6 il olsun. Görünür, köhnə beşilliklərin havası hələ də başlardadı…

1246-cı maddədə mirasın qəbul edilməsi müddəti müəyyən edilir: “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”.

Maddənin 2005-ci il 24 iyun tarixli dəyişikliyə qədərki mətnində belə bir birinci cümlə var idi: “Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər”. Guya bu cümlə sonrakı cümlələrə zidd olduğuna görə qanundan çıxarıldı. Nəticədə 3-6 ay labirinti yenə də çözümsüz qaldı. Notariuslar və hakimlər uzun müddətdir ki, bu çıxmazda ilişib qalıblar.

Bəlli olduğu kimi, mirasın qəbulunun iki yolu var: rəsmi və ya faktiki qəbul (mirasa yiyələnmə). Birinci yolla qəbul həmişə 3 ay deyil. Vərəsələrin razılığı və ya məhkəmənin qərarı ilə bu müddət 3 aydan da çox ola bilər. Bəs 6 aylıq müddət məhdudiyyətinin mənası nədir? Təkcə 1301-ci maddədəki qaib vərəsədən başqa kimlər üçün onun bir anlamı var və o nədən ibarətdir?

Qanun bəzən anlaşılmaz ifadələrdən yararlanır. 554.4-cü maddədə “müddətin keçməsinin sadələşdirilməsi”nin nə demək olduğunu hələ də anlaya bilmirəm.

Bu ifadədən MM-in 40-dan artıq maddəsində istifadə olunur.

Azərbaycan dilinin izahlı lüğətində “ağlabatan” sözü belə izah edilir: ağıl qəbul edə bilən, inanıla bilən, mümkün ola bilən, məqsədəuyğun. Sözlükdə “ağlabatmaz” sözünün “məntiqsiz” izahı da var.

Təbii ki, bu açmalar hüquqçuya demək olar heç nə demir. Ona görə də hüquq anlayışının hüquq əsasında izahı gərəkir.

Öncə onu deyim ki, ağlabatanlığı, o sıradan ağlabatan müddət anlayışının məzmununu birmənalı, tam, dəqiq, bütün hallar üçün keçərli müəyyən etmək mümkünsüzdür. O, çoxsaylı situasıyaları əhatə etdiyinə, universallığına və özəl, eyni zamanda ümumi nizamlama vasitəsi olduğuna görə belə izaha tabe olmur.
Avropa ölkələrinin hüquq ədəbiyyatında göstərilir ki, ağlabatan müddət müəyyən edilərkən aşağıdakılar nəzərə alınmalıdır:

1) pozulmuş öhdəliyin icrası üçün müqavilədə müəyyən edilmiş müddət (icra müddəti nə qədər qısadırsa, ağlabatan müddət də o qədər qısa olmalıdır);

2) borcluya bəlli olan pozuntunun operativ aradan qaldırılmasında kreditorun marağı;

3) pozulmuş öhdəliyin xarakteri (öhdəliyin icrası çətindirsə, ağlabatan müddət də uzun olmalıdır);

4) borclunun öhdəliyini icra etməsinə əngəl törədən maneələr (maneələr mürəkkəbdirsə, ağlabatan müddət də uzun olmalıdır).

Nisbi-müəyyən anlayiş olan “ağlabatan müddətlər”i iki cür qruplaşdırmaq olar:

1) abstrakt ağlabatan müddətlər;

2) nisbi-konkret ağlabatan müddətlər.

Birinci növ ağlabatan müddətlərin ölçüsünün müəyyən edilməsi şəraitdən, öhdəliyin mahiyyətindən, pozuntunun xarakterindən, hüquq münasibətinin məzmunundan, tərəflərin və məhkəmənin yanaşmasından və başqa amillərdən asılıdır. Bu maddələrin ən geniş tətbiqinə alqı-satqı müqaviləsini nizamlayan normalarda rast gəlinir. Çeşid (m. 580), keyfiyyət (582, 587, 639), komplektlik (m. 540, 592) şərtlərinə uyğun gəlməyən malların qaytarılması, əvəz edilməsi, tamamlanması, mallardan imtina və s. müddətləri nəzərdə tutan normalarda ağlabatan müddət kateqoriyasından istifadə olunur. İstər əşya və əmlak hüquqları ilə bağlı normalarda, istərsə də öhdəlik hüququna daxil olan normalarda bu müddətləri konkretləşdirmək, hansısa ay, gün müəyyən etmək çətindir. Çünki yuxarıda göstərildiyi kimi, bu, çoxsaylı amillərdən asılıdır. Bir halda bu müddət günlərdən, başqa hallarda həftələrdən ibarət ola bilər. Hər bir halda o, mümkün qısa müddətləri nəzərdə tutur. Məsələn, köçürmə planı və təlimatının hazırlanması müddəti (m. 249), uzufruktuar üçün təyin edilmiş girov qoyma müddəti (266), sıradan çıxmış girov predmetinin əvəz edilməsi müddəti (m. 287), seçmək hüququ kreditora məxsus olan alternativ öhdəliyin icrası müddəti (m. 434.1), icranı gecikdirmiş kreditora borclunun icranı təklif etməsi müddəti (m. 446.8), borclunun ikitərəfli öhdəlikdə müqavilədən imtina üçün kreditora təyin etdiyi müddət (m. 447.5), borclunun icra etmədiyi öhdəliyi kreditorun 3-cü şəxsə tapşırması müddəti (m. 451) və başqa hallarda ağlabatan müddət fərqli ola bilər və onların “ağlabatan müddət” adlı bir yorğan altına yığılması əksər hallarda yeganə mümkün nizamlama variantıdır.

İkinci növ müddətləri müəyyən edərkən qanunverici abstrakt ağlabatan müddətləri konkretləşdirməyə, onların həddinin müəyyən edilməsi və tətbiqi üçün resept verməyə çalışır.

Ümumiyyətlə, öhdəlik hüququnda ağlabatan müddətlərlə bağlı ən klassik nümunə MM-in 427-ci maddəsidir. “Öhdəliyin icrası müddəti” adlanan bu ana maddədə deyilir:

“Öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

Öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyilsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən 7 gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

Öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.”

Göründüyü kimi, bu maddədə qanun ağlabatan müddəti maksimum dəqiqləşdirməyə çalışır. Təbii ki, mümkün olan dərəcədə. Çünki bu müddətin ölçüsü çeşidli situasıyalarda çeşidli müddət tələb edir, üstəlik, onun ölçüsü MM-dən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən asılı ola bilər.

Ağlabatan müddətin dəqiqləşdirilməsi formasına daha iki maddədə rast gəlmək olar.

MM-in 794.2-ci maddəsində göstərilir ki, “Qeyri-müəyyən müddətə bağlanmış müqaviləni istənilən iştirakçı ləğvetmə haqqında xəbərdarlıq edilməsinin ağlabatan müddətini gözləməklə ləğv edə bilər. Ağlabatan müddət birinci il ərzində azı 1 ay, ikinci il ərzində azı 2 ay və müqavilənin qüvvəsi iki ildən çox davam edirsə, 3 ay təşkil edir. Müddətli müqavilə MM-in 794.1-ci maddəsinə uyğun olaraq müddətsiz müqaviləyə çevrilirsə, ləğvetmə haqqında xəbərdarlıq müddəti hesablanarkən müqavilənin bütün qüvvədə olma müddəti əsas götürülür.”

İkinci hal sığorta müqaviləsi ilə bağlıdır. “Sığorta hadisəsi barədə məlumatlandırma” adlanan 923.1-ci maddədə deyilir: “Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər.”

Göründüyü kimi, qanun bu halda müddəti “hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddətdə” çərçivələri ilə konkretləşdirməyə çalışır. Bu normalar sığorta müqaviləsinin mahiyyəti, özəlliyi ilə bağlıdır və konkret hal üçün nəzərdə tutulur. Lakin o, yetərincə universal xaraktar daşıyır və ağlabatan müddətin başqa hallarında da bu formadan istifadə edilə bilər. Qanunverici bu formadan yararlanmaqla bir çox hallarda ağlabatan müddətin ölçüsünü konkretləşdirə bilər.

Təsadüfi deyil ki, MM 427.2-ci maddədə də oxşar formadan yararlanır: “Öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyilsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.” Ona görə oxşar deyirəm ki, bu halda konstruksiya sanki baş-ayaq çevrilib – dərhal icra ağlabatan müddətlə “konkretləşdirilib”.

Deyilənləri yekunlaşdıraq.MM-in praktik və dürüst tətbiqini asanlaşdırmaq üçün qanun yuxarıda göstərilən və başqa formalardan yararlanmaqla ağlabatan müddətin ölçüsünü mümkün qədər konkretləşdirə bilər. Konkretlik yeganə mümkün forma olmasa da, qanunun keyfiyyəti, mübahisələrin azaldılması, hüquqların etibarlı müdafiəsi üçün daha münasib nizamlama vasitəsidir. Məsələn, köçürmə planı və təlimatının hazırlanması müddəti (m. 249), alınan torpağa görə kompensasiyanın ödənilməsi müddətinin (m. 249) və s. ağlabatan müddət kimi müəyyən edilməsi praktikada özbaşınalığa, süründürməçiliyə səbəb olur və çoxlu sayda mülkiyyətçi hüquqlarının pozulmasına şərait yasadır. Belə hallarda konkret müddətlər qoyulmalıdır.