Sürücülük vəsiqəsi haqda məlumatlar

Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır:

• motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün;

• traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün.

Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı -“AZ” və rəqəmlərlə nömrələnmişaşağıdakı məlumatlar göstərilir:

• sahibinin soyadı;

• sahibinin adı və atasının adı;

• sahibinin doğum tarixi və yeri;

• sahibinin yaşayış yeri;

• vəsiqəni vermiş orqanın adı;

• vəsiqənin verilmə tarixi və yeri;

• vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix;

• vəsiqənin nömrəsi;

• vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın ştampı və ya möhürü;

• sahibinin qan qrupu və imzası;

• xüsusi qeydlər;

• nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan zamanı avtomatik transmissiyalı nəqliyyat vasitəsindən istifadə edilmişdirsə yalnız “B” kateqoriyasına aid avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququnun verildiyinə dair qeyd.

Avtomobilləri və motosikletləri idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları göstərilir:

• “A1” – mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etmək üçün;

• “A” – bütün növ motosikletləri idarə etmək üçün;

• “B” – aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün:

“A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri;

qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri;

qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri;

• “C” – “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

• “D” – sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

• “BE” – qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq və avtomobilin yüksüz kütləsindən çox olan “B” kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan “B” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

• “CE” – qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

• “DE” – qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

• “Tramvay” – tramvayları idarə etmək üçün;

• “Trolleybus” – trolleybusları idarə etmək üçün.

Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir:

1) 60 yaşına çatmamış şəxslər üçün — 10 il;

2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət;

3) 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il;

4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.

Sürücülük vəsiqəsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində (“Permis de conduire”), bundan əvvəl sadaladığımız məlumatların adı Azərbaycan və ingilis dillərində, başqa məlumatlar isə Azərbaycan dilində yazılırlar.
Sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs:

• yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməli;

• Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəməlidir.

Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə ödənilən dövlət rüsumu:

• avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün – 20 manat;

• avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə – 10 manat.

• digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün -5 manat

Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün ödənilən dövlət rüsumu:
• avto-moto nəqliyyat vasitələri üçün – 25 manat;

• traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün – 5 manat.

Sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşa bilər və ya nəqliyyat vasitələri sürücülərinin hazırlanması kursunda hazırlıq keçə bilər. “A1”, “A” və “B” kateqoriyalarına aid nəqliyyat vasitələri istisna olmaqla, digər kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursunda hazırlıq keçməlidir.Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti (Daxili İşlər Nazirliyi)orqanına aşağıdakı sənədləri təqdim etməlidir:

• Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənədvə ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

• müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi;

• Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş formada tibbi arayış;

• sürücülük vəsiqəsi verilməsi üçün dövlət rüsumunun ödənilməsi sənədi.

Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sənədləri bilavasitə və ya internet vasitəsilə təqdim edir (göndərir). Sənədlər tələblərə uyğun olduqda şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Şəxs yaşadığı və ya olduğu ərazi üzrə imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir.

Benefisiar.org

Oxunub: 6326