Dəbbə pulu tələbi və məhkəmə praktikası

Hüquqşünas
Ənnağı Hacıbəyli – hüquqşünas

Problemin şərhini asanlaşdırmaq üçün tipik bir kazus quraq.

Kazus: Alqı-satqı müqaviləsi bağlamış tərəflər razılaşdırılmış qiymətin 2 il ərzində ödəniləcəyini şərtləşdiriblər. Alıcı əşyanı qəbul edib və ondan 2 ildən artıqdır ki, istifadə edərək gəlir götürür. Bir neçə ay şərtləşdirilmiş qiyməti ödəyən alıcı bir ildən artıqdır ki, aylıq məbləği ödəməkdən imtina edir. Dəfələrlə edilmiş xəbərdarlıq nəticə vermədiyindən satıcı məhkəməyə müraciət edərək satış qiymətinin qalan məbləğinin, gecikdirməyə görə faizlərin və bbə pulunun ödənilməsini tələb edir. Məhkəmə əsas məbləği və faizləri təmin etsə də, dəbbə pulu tələbini rədd edir.

Bir neçə məhkəmə qərarında dəbbə pulunun ödənilməsi tələbinin rədd edilməsi praktikası ilə rastlaşdım. Araşdırma zamanı bəlli oldu ki, bu, Ali Məhkəmənin qoyduğu praktikadır və demək olar bütün oxşar situasiyalarda analoji qərar qəbul edilir. Aşağı məhkəmələr isə eyni qərarlar çıxarır və bunu belə izah edirlər ki, Ali Məhkəmə fərqli qərarları ləğv edir. Adətən məhkəmələr bu barədə qərarlarını belə əsaslandırırlar:

“Tərəflər arasında bağlanmış müqavilədə dəbbə pulu nəzərdə tutulmadığından və tərəflər arasında yaranmış öhdəlik üzrə qanunla dəbbə pulunun tutulması müəyyənləşdirilmədiyindən, iddia dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir”.

Deməli, məhkəmələr hesab edirlər ki:

1) dəbbə pulu tələbinin təmin edilməsi üçün onun ödənilməsi mütləq müqavilədə nəzərdə tutulmalıdır;

2) dəbbə pulunun ödənilməsi müqavilədə göstərilməyibsə, deməli qanunla da nəzərdə tutulmayıb.

Əslində qanunvericilikdə məsələ necə həll olunur, Ali Məhkəmənin qoyduğu praktika qanunvericiliyə uyğundurmu və hansı məqsədə xidmət edir?

1. Öncə qnunvericiliyə baxaq.

MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş başqa şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

MM-in 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

MM-in 448.1-ci maddəsinə əsasən, MM-lə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

MM-in 450.1-ci maddəsinə əsasən, öhdəliyin lazımınca icra edilmədiyi halda dəbbə pulunun və zərərin əvəzinin ödənilməsi borclunu, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad etmir.

Bu normaları, özəlliklə sonuncu maddəni yadımızda saxlayaq.

MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

Dəbbə pulu ödənilməsi tələbinin istisna edildiyi halı 462.2-ci maddə birmənalı şəkildə müəyyən edir – bu, yalnız o halda mümkündür ki, konkret halda qanun və müqavilə borclunun üzərinə məsuliyyət qaymasın və ya onu məsuliyyətdən azad etsin:

Borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.

Qanun isə bu halda məsuliyyət nəzərdə tutub (m. 450, 464).

Məhkəmələr MM-in dəbbə puluna anlayış verən 462.1-ci maddəsini yanlış təfsir edərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış müqavilədə dəbbə pulu nəzərdə tutulmadığından və tərəflər arasında yaranmış öhdəlik üzrə qanunla dəbbə pulunun tutulması müəyyənləşdirilmədiyindən, iddia tələbi bu hissədə rədd olunmalıdır.

Bu maddənin yuxarıda göstərilən maddələrlə sistematik təfsiri belə deməyə əsas verir ki, tərəflər qanunla qadağan edilməyən hallarda müqavilədə dəbbə pulunun ödənilməsini və onun miqdarını müəyyən edə bilərlər.

Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (m. 462.3).

2. Dəbbə pulunun hüquq təbiəti elədir ki, o həm məsuliyyətin iki formasından biri, həm də öhdəliyin icrasının təmini üsuludur. Birinci halda o, qanun və müqavilə ilə, ikinci halda isə yalnız yazılı müqavilə ilə nəzərdə tutula bilər. Dəbbə pulu haqqında müddəaların geniş şəkildə “Öhdəliklərin icrasının təmini üsulları” fəslində nizamlanması qanunvericilik texnikasının tələbindən irəli gəlir – təkrara yol verməmək üçün qanunverici dəbbə pulu ilə bağlı qaydaları bir dəfə nizamlayır və bir yerə toplayır. Əks halda MM-in 462-ci maddəsinədək dəbbə pulunun nəzərdə tutulması və tətbiqi mümkünsüz olardı. Məsələn, MM-in “Girovla təmin edilən tələb” adlanan 279-cu maddəsinə əsasən, girov saxlayanın tələbinə faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi, girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Bu halda müqavilədə dəbbə pulu istisna edilə bilməz, o, yalnız artırıla bilər və qanun əsasında ödənilməlidir.

Məhkəmə dəbbə pulunun nə qanunda, nə də müqavilədə nəzərdə tutulduğunu iddia etməklə qanunu yanlış təfsir və tətbiq edir – MM-in (qanunun) 450.1, 464, 466-cı və başqa maddələrində dəbbə pulunun ödənilməsi birbaşa nəzərdə tutulub. Üstəlik, qanunun 450.1-ci maddəsi həm zərərin, həm də dəbbə pulunun ödənilməsi ilə yanaşı öhdəliyin naturada icrası vəzifəsini də öhdəliyi lazımınca icra etməmiş borclunun üzərinə qoyur.

450-ci maddə MM-in Ümumi Hissəsində, “Öhdəliklərin icra edilməməsinə görə məsuliyyət” fəslində yerləşdirilib, öhdəliklərin icrası ilə bağlı ümumi və bütün MM üçün keçərli qaydadır. Yuxarıda göstərilən kazusu nizamlayan alqı-satqı müqaviləsinin müddəalarında alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə və layiqincə icra edilməməsinə görə dəbbə pulu tutulmasını istisna edən norma yoxdur. Bu halda cavabdehlər öhdəliyi lazımınca icra etmədiklərindən iddiaçılar MM-in 450.1, 464-cü maddələrinin verdiyi hüquqlardan istifadə edə bilərlər və məhkəmənin tələbi təmin etməməsi maddi hüquq normasının düzgün tətbiq və təfsir edilməməsidir.

Dəbbə pulu qanunla müəyyən edildikdə müqavilədə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq tələb edilə bilər.

Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər (m. 464).

Bu norma imperativ normadır və qanunla qadağan edilməyən hallarda tərəflər yalnız dəbbə pulunun həcmini artıra bilərlər. Onun azaldılması, istisna edilməsi və s. razılaşmalar əhəmiyyətsiz (puç) əqddir, bağlandığı andan etibarsızdır və heç bir hüquq nəticəsi yaratmır.

Qanunun (MM-in) 448.1, 450.1 və 462, 464-cü maddələrində öhdəliyin lazımınca icra edilməməsi hallarında borclunun dəbbə pulu ödəməsi nəzərdə tutulub.

Bu halda cavabdehlər müqavilə öhdəliklərini təqsirli şəkildə icra etmədiklərindən kreditorun tələb etdiyi, qanunla müəyyən edilmiş dəbbə pulu tələbi təmin edilməli və ödənilməlidir. Əks halda qanunu və öhdəliyini pozan intizamsız tərəfdaş qanunsuz və ədalətsiz olaraq məsuliyyətdən azad olunur. Ali Məhkəmənin qoyduğu praktika ona xidmət edir ki, haqlı tərəfin hüquqları deyil, haqsız tərəfin mənafeyi müdafiə edilir. Təsadüfi deyil ki, qanun belə bir qayda da müəyyən edib ki, məhkəmə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldarkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almalıdır (m. 467)

3. Bu praktikanın həyat vəsiqəsi qazanmasında qanunvericiliyin də günahı var. Əslində MM-in 462.1-ci maddəsində dəbbə puluna anlayış verilərkən yazılmalıdır ki, “Dəbbə pulu (cərimə, peniya) qanunla və (və ya) müqavilə ilə müəyyənləşdirilən… pul məbləğidir” Müqayisə üçün deyim ki, RF MM-in 330-cu maddəsində də dəbbə pulunun qanun və ya müqavilə ilə müəyyən ediməsi göstərilir, Almaniya Mülki Qanunnaməsinin (AMQ) 339, 340-cı paraqraflarında da qanini və müqavilə dəbbə pulundan danışılır. İndiki halda məhkəmə qanuna düzgün sistematik təfsir verməklə durumdan çıxış yolu tapa bilər. MM-in 462.1-ci maddəsinin birinci cümləsinin indiki mətni belə təfsir olunmalıdır ki, qanun dəbbə pulunun məbləğinin müqavilə ilə müəyyənləşdirilməsi imkanını nəzərdə tutur; onun müqavilədə göstərilməməsi hər bir halda dəbbə pulu tələbinin rədd edilməsinə əsas vermir. Əslində dəbbə pulu qanunla və müqavilə ilə nəzərdə tutula bilər. Qanunla nəzərdə tutulmuş dəbbə pulunun məbləği yalnız artırıla bilər. Tərəflər müqavilə ilə dəbbə pulu ödəniləcəyini və onun məbləğini müəyyənləşdirə bilərlər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.Dəbbə pulu barədə müddəalar bu tezislərə söykənməlidir.

Yazı müəllifin facebook səhifəsindən götürülüb.