Xüsusi təyinatlı və manevr mənzil fondu nədir?

Xüsusi təyinatlı mənzil fondu ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu.

Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir:

• xidməti yaşayış sahələri;

• yataqxanalarda yaşayış sahələri;

• manevr fondu yaşayış sahələri;

• əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri;

• məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri;

• qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri;

• ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri;

Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir.

Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.

Ayrı-ayrılıqda xüsusi təyinatlı yaşayış sahələrini nəzərdən keçirək:

Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.

Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.

Xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir. Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyaları aşağıdakı orqanlar tərəfindən müəyyən edilir:

• dövlət mənzil fonduna münasibətdə – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;

• bələdiyyə mənzil fonduna münasibətdə – bələdiyyə tərəfindən;

Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.

Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir.

Yataqxanalarda yaşayış sahələri adambaşına düşən yaşayış sahəsinin altı kvadratmetrdən az olmaması şərti ilə verilir. Yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.

Manevr fondu yaşayış sahələri aşağıdakı şəxslərin müvəqqəti yaşaması üçün nəzərdə tutulur:

• vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşadıqları yaşayış sahələrinin yerləşdiyi binanın əsaslı təmiri və (və ya) yenidən qurulması ilə əlaqədar həmin vətəndaşların;

• bankın və ya bank olmayan kredit təşkilatının verdiyi kredit hesabına, yaxud hüquqi şəxs tərəfindən verilmiş məqsədli borc hesabına əldə edilmiş və kreditin və ya məqsədli borcun qaytarılmasının təmin edilməsi üçün ipoteka ilə yüklü edilmiş yaşayış sahələrinə tutmanın yönəldilməsi nəticəsində yaşayış sahələrini itirmiş vətəndaşların, bu şərtlə ki, tutmanın yönəldilməsi anında həmin yaşayış sahəsi onların yeganə yaşayış sahəsi olsun;

• fövqəladə hallar nəticəsində yeganə yaşayış sahələri yaşayış üçün yararsız hala düşmüş vətəndaşların;

• qanunvericiliklə nəzərdə tutulan hallarda digər vətəndaşların;

Əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda (dövlət sosial (qocalar, əlillər üçün müəssisələrin, müalicə, tərbiyə və sair) xidmət müəssisələrinin) yaşayış sahələri qanunvericiliyə uyğun olaraq tibbi və sosial-məişət xidmətlər göstərilməsinə ehtiyacı olan hesab edilən vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Əhaliyə sosial xidmət sisteminə daxil olan binaların yaşayış sahələrinin verilməsi və onlardan istifadənin qayda və şərtləri qanunvericiliklə müəyyən edilir.

Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri – qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir.

Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşların kateqoriyaları qanunvericiliklə müəyyən edilir. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin əvəzsiz istifadə müqavilələri əsasında verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə həyata keçirilir.
Ümumilikdə isə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə – vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.

Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər.

Hazırladı: Sevinc Quliyeva

Oxunub: 2413