Sağlamlıq əleyhinə olan inzibati xətalar

İnzibati Xətalar Məcəlləsi (İXM) ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

İnzibati xətaların bir növü sağlamlıq əleyhinə olan inzibati xətalardır. Sağlamlıq əleyhinə olan inzibati xətalar İXM-nin 20-ci fəslini əhatə edir.

Sağlamlıq əleyhinə inzibati xətalar aşağıdakılardır:

• Döymə;

• Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması;

• Zöhrəvi xəstəliklərə yoluxmuş şəxsin müalicədən boyun qaçırması;

• Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş şəxsin müayinədən boyun qaçırması;

• Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxma mənbəyinin gizlədilməsi;

• Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında qanunvericiliyin pozulması;

• Qeysəriyyə kəsiyi əməliyyatının qanunsuz aparılması;

Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə 100 manatdan 300 manatadək məbləğdə cərimə edilir. Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə olunur. Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət göstərməsinə görə 35 manatdan 50 manatadək məbləğdə cərimə edilir.

Zöhrəvi xəstəliklərə yoluxduğu barədə kifayət qədər məlumatı olan şəxsin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırmasına görə 100 manatdan 150 manatadək məbləğdə cərimə edilir.

Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş və müayinəyə ehtiyacı olan şəxsin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da müayinədən boyun qaçırmasına görə 80 manatdan 120 manatadək məbləğdə cərimə olunur.

Zöhrəvi xəstəliyi olan şəxs tərəfindən yoluxma mənbəyinin, habelə onunla əlaqədə olub, zöhrəvi xəstəliklərə yoluxma təhlükəsi yaradan şəxsin adının gizlədilməsinə görə 100 manatdan 200 manatadək məbləğdə cərimə edilir. İnsanın immunçatışmazlığı virusuna yoluxmuş şəxs tərəfindən yoluxma mənbəyinin, habelə onunla əlaqədə olub, insanın immunçatışmazlığı virusuna yoluxma təhlükəsi yaradan şəxsin adının gizlədilməsinə görə 200 manatdan 400 manatadək məbləğdə cərimə edilir.

Donor olmaq istəyən şəxs tərəfindən əvvəllər keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi barədə düzgün məlumatın verilməməsinə görə 30 manatdan 40 manatadək məbləğdə cərimə edilir. Tibbi müayinə keçirilmədən donordan qanın, qan komponentlərinin götürülməsinə görə fiziki şəxslər 40 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 50 manatdan 65 manatadək məbləğdə, hüquqi şəxslər 100 manatdan 150 manatadək məbləğdə cərimə edilir. Müalicə müəssisələri tərəfindən qanın, qan komponentlərinin resipiyentə köçürülməsi nəticəsində baş verən hər hansı ciddi əlavə təsirlər barədə köçürülən qanın, qan komponentlərinin tədarükünü edən qan xidməti müəssisəsinə (qan bankına) və müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə- fiziki şəxslər 40 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 50 manatdan 65 manatadək məbləğdə, hüquqi şəxslər 100 manatdan 150 manatadək məbləğdə cərimə edilir.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə, hüquqi şəxslər 10.000 manatdan 15.000 manatadək məbləğdə cərimə edilir.

Hazırladı: Sevinc Quliyeva

Oxunub: 1238