Polis avtomobilləri hansı hallarda dayandıra bilər?

Nəqliyyat vasitəsi hansı hallarda dayandırıla bilər? Dayandırma ilə bağlı qanunvericiliyin tələbləri nədir?

Nəqliyyat vasitələri “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulan hallarda dayandırıla bilər. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən polis əməkdaşı nəqliyyat vasitəsini idarə edən şəxslərdən aşağıdakı hallarda nəqliyyat vasitəsini dayandırmağı tələb edə bilər.

• nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə;

• inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda;

• nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə digər polis əməkdaşından məlumat daxil olduqda;

• nəqliyyat vasitəsi axtarışda olduqda;

• nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda;

• təcili tibbi yardım göstərmək üçün təcili tibbi yardım avtomobili ilə eyni səmtə gedərkən;

Nəqliyyat vasitəsi sənədlərin yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər.

Dəmiryol keçidlərində, tunellərdə, körpülərdə və onların altında, üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə, piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda, dayanacaq meydançasında, nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini qeyri-mümkün edən yerlərdə nəqliyyat vasitəsinin dayandırılması qadağandır.

Nəqliyyat vasitəsinin dayandırılması fit və jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə tələb edilməlidir. Nəqliyyat vasitəsinin dayandırılması tələbi sürücü tərəfindən yerinə yetirilmədikdə, pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi, hərəkət istiqaməti, dövlət qeydiyyat nişanı və digər mühüm əlamətləri göstərilməklə polis əməkdaşı digər polis əməkdaşlarına radio-cihaz vasitəsilə məlumat verməlidir və bundan sonra yazılı formada müvafiq raport tərtib etməlidir. Nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər. Həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər.

Nəqliyyat vasitəsi dayandıqda polis əməkdaşı ona yaxınlaşmalı, özünü nəqliyyat vasitəsinin sürücüsünə təqdim etməli və bundan sonra ona dayandırılmanın səbəbini bildirərək ondan sürücülük vəsiqəsini, sığorta şəadətnaməsini və digər sənədləri təqdim etməyi tələb etməlidir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sənədləri qaydasındadırsa və o, yol hərəkəti qaydalarını pozmamışdırsa, ona hərəkəti davam etməyə icazə verilir.

Əgər pozuntu aşkar edilərsə, bu haqqda inzibati xəta haqqında protokol tərtib edilməlidir (qaydanı bir neçə şəxs pozmuşdursa, onlardan hər biri barədə ayrıca inzibati protokol tərtib edilir).

Qaydanı pozan şəxs yol-nəqliyyat hadisəsi yerini tərk etmişsə, bu haqda şahidlər barədə məlumatları göstərilməklə polis əməkdaşı raport tərtib edilməli və onu tabeçilik üzrə yuxarı polis orqanının yuxarı vəzifəli şəxsinə təqdim etməlidir.

Polis əməkdaşı şəxsin alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini müəyyən etmək üçün texniki vasitələrdən istifadə edə bilər və ya onun tibbi müayinədən keçirilməsini təşkil etməlidir. Sürücü sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya onun sərxoşluq əlamətləri özünü aşkar göründükdə, belə şəxs məcburi qaydada tibbi müayinədən keçirilir.

İctimai nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər.

Benefisiar.org

Oxunub: 1652