Övladlığa götürmənin qaydaları

Uşağın övladlığa götürülməsi Mülki Prosessual Məcəllədə (bundan sonra MPM) xüsusi icraat qaydasında tənzimlənir.

Uşağın övladlığa götürülməsi barədə ərizə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilir. “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin 29.10.2009-cu il tarixli Plenum qərarına əsasən uşağın övladlığa götürülməsi barədə ərizələrin məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan uşaqların övladlığa götürülməsi barədə ərizələr onların valideynlərinin və ya qəyyumlarının yaşayış yeri üzrə məhkəmələrə, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların övladlığa götürülməsi barədə ərizələr onların faktiki yaşadıqları yer üzrə məhkəmələrə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi barədə ərizələr onların müvəqqəti olduqları (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, uşaq evləri) rayonun məhkəmələrinə verilməlidir.

Bəs ərizədə nələr qeyd olunmalıdır? Uşağın övladlığa götürülməsi barədə ərizədə aşağıdakılar göstərilməlidir:

• övladlığa götürənlərin (götürənin) soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri, məşğuliyyət növü;

• övladlığa götürülən uşağın soyadı, adı, atasının adı, onun yaşayış yeri (olduğu yer), valideynləri barədə məlumat, qardaş və bacılarının olub-olmaması;

• uşağın övladlığa götürülməsi haqqında övladlığa götürənlərin (götürənin) xahişini əsaslandıran hallar, bu halları təsdiq edən sübutlar;

• övladlığa götürülən uşağın soyadının, adının, atasının adının, onun doğulduğu tarixin (1 yaşınadək uşaqlar övladlığa götürüldükdə) dəyişdirilməsi, övladlığa götürənlərin (götürənin) valideynlər (valideyn) kimi uşağın doğulması haqqında akt qeydində yazılması barədə xahiş.

Övladlığa götürmə barədə ərizəni məhkəməyə təqdim etdikdə ərizəyə aşağıdakı sənədlər də əlavə edilməlidir:

• uşaq nikahda olmayan şəxs tərəfindən övladlığa götürüldükdə – övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin surəti;

• uşaq nikahda olan şəxslər (şəxs) tərəfindən övladlığa götürüldükdə – övladlığa götürənlərin (götürənin) nikah haqqında şəhadətnaməsinin surəti;

• uşaq ər-arvaddan biri tərəfindən övladlığa götürüldükdə-digərinin razılığı və ya ər-arvadın ailə münasibətlərinə xitam verməklə 1 ildən artıq müddətdə birgə yaşamadıqlarını təsdiq edən sənəd;

• övladlığa götürənlərin (götürənin) səhhətinin vəziyyəti barədə tibbi rəy;

• övladlığa götürənlərin (götürənin) tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd;

• yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd;

Bundan əlavə ərizənin Mülki Prosessual Məcəllənin 149, 150-ci maddələrinin tələblərinə uyğunluq da nəzərə alınmalıdır. Övladlığa götürmə məsələsi ilə bağlı rüsum 10 manatdır.

İşi məhkəmədə baxılmağa hazırlayarkən hakim ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə övladlığa götürmənin əsaslığı və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında məhkəməyə rəy verməyə borclu olan övladlığa götürülən uşağın yaşayış yeri (olduğu yer) üzrə qəyyumluq və himayəçilik orqanına göndərilməsi haqqında qərardad çıxarır. Rəydə övladlığa götürülənlə övladlığa götürənin şəxsi ünsiyyəti barədə məlumatın da öz ifadəsini tapması məqsədəmüvafiqdir. Həmin qərardadla iş üzrə icraat rəy alınanadək dayandırılır. Qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə daxil olduqdan sonra hakimin qərardadı ilə iş üzrə icraat təzələnir və iş məhkəmə iclasında baxılmağa təyin edilir.

Məhkəməyə təqdim edilmiş qəyyumluq və himayəçilik orqanının rəyinə aşağıdakılar əlavə olunmalıdır:

övladlığa götürülən uşağın yaşayış yeri (olduğu yer) üzrə və ya övladlığa götürənlərin (götürənin) yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanının tərtib etdiyi övladlığa götürənlərin (götürənin) həyat şəraitinin müayinə aktı;

• övladlığa götürülən uşağın səhhətinin vəziyyəti, fiziki və əqli inkişafı haqqında tibbi rəy;

• övladlığa götürülən uşağın doğum haqqında şəhadətnaməsi;

• on yaşına çatmış övladlığa götürülən uşağın övladlığa götürülməsinə, eləcə də onun adının, soyadının və atasının adının mümkün dəyişikliklərinə və övladlığa götürənlərin (götürənin) onun valideynləri kimi yazılmasına razılığı (qanuna əsasən belə razılıq tələb olunmayan hallar istisna olmaqla)

• qanunda valideynlərinin razılığı olmadan uşağın övladlığa götürülməsinə yol verilən hallardan başqa, uşağın valideynlərinin onun övladlığa götürülməsinə notariat qaydasında təsdiq edilmiş razılığı;

• uşağın qəyyumunun (himayəçisinin), ögey valideynlərinin və ya valideynlərinin himayəsindən məhrum olmuş uşağın qaldığı müəssisə rəhbərinin onun övladlığa götürülməsinə razılığı;

• uşaq onun qohumları olmayan, Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürüldükdə, övladlığa götürülənin mərkəzləşdirilmiş qeydiyyatda olmasını, habelə vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq, uşağın öz qohumları tərəfindən övladlığa götürülməsinin qeyri-mümkünlüyünü təsdiq edən sənəd;

Burada uşağın sağlamlıq vəziyyəti həkimin və ya tibb müəssisəsinin arayışı ilə deyil, tibbi rəy ilə müəyyən edilməlidir. Rəydə uşağın sağlamlıq vəziyyəti, fiziki və əqli inkişafı barədə dəqiq məlumat ifadəsini tapmalıdır.

İşə qapalı məhkəmə iclasında, övladlığa götürənlərin (götürənin), qəyyumluq və himayəçilik orqanı nümayəndəsinin, zəruri hallarda isə digər maraqlı şəxslərin və on yaşına çatmış uşağın özünün iştirakı ilə baxılır. On yaşına çatmış uşaq sağlamlıq vəziyyətinə görə məhkəmə iclasına gələ bilmirsə (məsələn, uşaq anadangəlmə əlildirsə və hərəkət etməkdə məhduddursa), məhkəmə uşağın maraqlarını nəzərə alaraq övladlığa götürülməsi ilə əlaqədar uşağın rəyini olduğu yerdə öyrənə bilər. Övladlığa götürmənin qanunla qorunan sirrinin mühafizəsi məqsədilə övladlığa götürmə barədə işlər üzrə məhkəmə qətnaməsi qapalı iclasda elan olunmalıdır.

Ərizəçinin məhkəmədə onu təmsil etmək üçün lazımi qaydada səlahiyyətləndirilmiş nümayəndəyə malik olması, uşağı övladlığa götürmək arzusunda olan şəxsi məhkəmə iclasında iştirak etmək vəzifəsindən azad etmir. Ərizəçilərin nümayəndələri isə ərizəçilərlə birlikdə prosesdə iştirak edə bilərlər.

Sevinc Quliyeva