Doğulan uşağın qeydiyyata alınma proseduru

Ailə Məcəlləsinin (bundan sonra AM) normalarına əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır.

Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Burada  “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər (rayon) icra hakimiyyətlərinin nümayəndəlikləri də həyata keçirirlər.

Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ötürülür. Burada nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri həyata keçirirlər.

Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanı, habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

İnzibati Xətalar Məcəlləsinə əsasən tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə -vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə edilir. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə edilir. Üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun qeydə alınması üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə xəbərdarlıq edilir və ya 10 manat məbləğində cərimə edilir.

Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir.

Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat yazılır. Atalıq müəyyən edilmədiyi halda atanın milliyyəti ananın göstərişi ilə yazılır. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar. Öz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına yazılı şəkildə razılıq verən şəxslər yalnız uşağı doğan qadının razılığı ilə uşağın valideynləri kimi yazıla bilərlər.

Uşaq, onun anası ilə qeydə alınmış nikahda olmuş şəxsin ölümündən sonra doğulduqda, ölmüş şəxs doğum haqqında qeydiyyata və şəhadətnaməyə bu şərtlə uşağın atası kimi yazıla bilər ki, göstərilən şəxsin ölümü günündən uşağın doğulduğu günədək 10 aydan çox vaxt keçməsin.

Nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğulmasının qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğulmasının qeydiyyatı qaydasında aparılır.

Hazırladı: Sevinc Quliyeva