Kirayə qaldığım evi kreditlə ala bilərəm?

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydaları təsdiq edilib.

Bu Qayda Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) yaşayış sahələrini alması və satmaq öhdəliyi ilə kirayəyə verməsi ilə bağlı ümumi məsələləri müəyyən edir.

Yaşayış sahəsinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi müvafiq müqavilə əsasında yaşayış sahəsinin istifadəyə təhvil verilməsini və açağıdakı Qaydalarda müəyyən edilmiş şərtlərlə kirayəçiyə özgəninkiləşdirilməsini nəzərdə tutur.

Yaşayış sahəsi dedikdə satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə Fondun satın aldığı və ya digər əsaslarla Fondun mülkiyyətinə keçən, vətəndaşların daimi yaşaması üçün yararlı daşınmaz əmlak nəzərdə tutulur.

Satmaq öhdəliyi ilə kirayə müqaviləsi (bundan sonra – kirayə müqaviləsi) – Qaydaların tələbləri nəzərə alınmaqla, kirayə müddətində kirayəçiyə yaşayış sahəsini satın almaq hüququ verən və yaşayış sahəsini kirayəçinin istifadə etməsi, aylıq ödənişin müəyyənləşdirilməsi və ödənilməsi, habelə yaşayış sahəsinin kirayəçinin mülkiyyətinə keçməsi ilə bağlı məsələlərin tənzimlənməsinə dair Fondla kirayəçi arasında bağlanılan müqavilədir.

Yaşayış sahəsinin alınmasını və satmaq öhdəliyi ilə kirayəyə verilməsini Fond aşağıdakı şərtlərə riayət etməklə həyata keçirir:

• kirayəçi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;

• müraciət tarixinə kirayəçinin vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi ödənişlər üzrə) olmamalıdır;

• yaşayış sahəsinin bazar qiymətini müstəqil qiymətləndirici müəyyən etməlidir;

• kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlanmalı və notariat qaydasında təsdiqlənməlidir;

• kirayə müqaviləsi bağlanıldıqdan sonra alış qiymətinin tam ödənişi 3 ildən tez həyata keçirilməməlidir;

• kirayə müqaviləsi bağlanıldıqdan sonra kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir;

• “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaşayış sahəsi üzərində kirayəçinin kirayə hüququ dövlət qeydiyyatına alınmalıdır;

• yaşayış sahəsi müstəqil qiymətləndiricinin müəyyən etdiyi bazar qiymətindən az olmamaq şərtilə sığortalanmalıdır;

Misal üçün, Əli Bakı şəhərində 350 manata kirayəçi kimi qalır. İndi o, kirayə qaldığı evi almaq istəyir. Əlinin kirayə qaldığı ev qiymətləndirilərkən, müəyyən olunur ki, evin bazar dəyəri 90000 manatdır. Daha sonra Əli kirayəçi kimi ödədiyi aylıq 350 manatın 12 mislini yəni, 4200 manatı qabaqcadan ödəyir. Bundan sonra isə, yerdə qalan 85800 manat pulu 3 ildən 25 ilə qədər olmaqla müddətə bölürlər və Əli aylıq ödənişi etməyə başlayır.

Hazırladı: Sevinc Quliyeva