Əlilliyi olan şəxslərin iş hüquqları

2018-ci ilin may ayının 31-də “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qanuna əsasən əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır.

Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırlması qadağandır.

Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verilmir.

Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.

Dövlət əmək bazarında əlavə iş yerləri və əlilliyi olan şəxslər üçün uyğun şəraitə malik müəssisə və təşkilatlar yaratmaq yolu ilə, eləcə də xüsusi proqramlar üzrə təlim təşkil etməklə, əlilliyi olan şəxslərin məşğulluğunu təmin edir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə və təşkilatlarda kvota müəyyən edilir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə əlavə iş yerləri və sosial müəssisələr yaratmaq, onlar üçün uyğunlaşdırılmış təlim proqramları əsasında peşə hazırlığı kursları təşkil etmək, habelə kvota müəyyən etmək yolu ilə əlavə təminatlar verir. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi qaydası və kvota şamil edilməyən müəssisələrin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Kvotanın miqdarı müvafiq inzibati ərazi vahidində əmək bazarındakı vəziyyətdən asılı olaraq, müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə müəyyən edilir.

Kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının (Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi)göndərişi ilə işə qəbul edilirlər. İşə düzəlmək üçün əlilliyi olan şəxslərə verilmiş göndəriş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyət növündən və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir.

Müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi) tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar.

Əlilliyi olan şəxslərin iş yerlərinin standartları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi) tərəfindən göndərilmiş, habelə işəgötürənlər tərəfindən işə qəbul edilmiş əlilliyi olan şəxslər Fərdi Reabilitasiya Proqramı və əlilliyi olan şəxslərin iş yerlərinin standartları nəzərə alınaraq iş yerləri ilə təmin olunurlar.

İşəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar. Həmin əlilliyi olan şəxslərin iş yerlərinin onların istifadəsi üçün uyğunlaşdırılması məqsədi ilə işəgötürən əlilliyi olan şəxslərin iş yerlərindən istifadə imkanlarını asanlaşdıran texniki avadanlıq və qurğuların alınması, mövcud olan texniki avadanlıq və qurğuların əlilliyi olan şəxslərin tələbatına uyğunlaşdırılması, ixtisaslaşmış vasitəçilərin xidmətləri ilə təmin edilməsi kimi ağlabatan tədbirlər həyata keçirir. İşçilərin sayı və ya ştatları ixtisar edilərkən, müvafiq peşələr (vəzifələr) üzrə işçilərin ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxsin işdə saxlanılmaq üçün üstünlük hüququ vardır. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, yuxarıda göstərilən işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İstehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlilliyi olan şəxslərin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət onların sığorta stajına daxil edilir.

İşəgötürənlər əlilliyi olan şəxsləri sağlam, təhlükəsiz və Fərdi Reabilitasiya Proqramına uyğun əmək şəraiti ilə təmin edir, əmək qabiliyyətinin bərpa olunması, iş yerində əlilliyin qarşısının alınması üçün tədbirlər həyata keçirirlər. Əlilliyi olan işçilərin əməyinin tətbiqi, əmək şəraitinin xüsusiyyətləri, əməkhaqqı, iş və istirahət vaxtı, məzuniyyət müddəti və əmək münasibətlərinin adıçəkilən qanunda tənzimlənməyən digər məsələləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Dövlət əlilliyi olan şəxslərin fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olması, evdə əməyin təşkili üçün lazımi şərait yaradır, iqtisadi fəaliyyətlərinin genişləndirilməsi məqsədi ilə stimullaşdırıcı tədbirlər həyata keçirir, ədalətli və əlverişli əmək şəraitinə dair hüquqlarının digər şəxslərlə bərabər qorunmasına zəmanət verir.

Hazırladı: Sevinc Quliyeva

 

 

 

Oxunub: 2596