Sahibkarlar obyektlərini necə sığorta etdirməlidirlər?

Sahibkarlıq fəaliyyəti cəmiyyət üzvlərinin şəxsi gəlir və ya mənfəət əldə etməyə yönəldilən, öz riski və öz əmlak cavabdehliyi ilə həyata keçirilən müstəqil təşəbbüskar təsərrüfat fəaliyyətidir. Sahibkar xırda və ya iri sahibkarlıqla məşğul ola bilər. Sahibkarın öz biznesinə nə dərəcədə məsuliyyətlə yanaşması onun gələcəkdə rast gələ biləcək gözlənilməz hadisələrdən vaxtında sığortalanması ilə bağlıdır. Buna görə də sahibkarlıqla məşğul olanlar üçün daşınar və daşınmaz əmlakın sığortası olduqca əhəmiyyətlidir.

Sahibkarın daşınmaz əmlakının sığortası icbari, daşınar əmlakının (obyektin içindəki predmetlər – əşyalar, avadanlıqlar) sığortası isə könüllü sığortadır.

İcbari sığorta haqqında qanuna görə daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

İlk öncə qeyd edilməlidir ki, fiziki şəxs sahibkar kimi qeydiyyatdan keçdikdən sonra əmlakını (ticarət obyektini) sığorta etdirə bilər:

1) Fiziki şəxs sahibkarlıq fəaliyyətinə başlanan günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır (VÖEN əldə etməlidir). Fiziki şəxs vergi uçotuna vergi orqanına gəlmədən elektron qaydada alına bilər. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “ASAN imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır. “ASAN İmza” sertifikatlarının verilməsi ASAN xidmət mərkəzində və vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. Asan İmza üçün müraciət edən şəxs tərəfindən ilk növbədə hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə edilməli, daha sonra tələb olunan digər sənədlərlə (http://www.taxes.gov.az/modul.php…) Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASAN arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

2) Fiziki şəxs, daha sonra, sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyekti sığorta etdirmək üçün sığorta şirkətinə müraciət etməli və bununla da sığorta şirkəti ilə sahibkar arasında sığorta müqaviləsi (sığorta şəhadətnaməsi) bağlanmalıdır. Sığortalanmanın necə həyata keçiriləcəyi sığorta məbləğindən asılıdır. Siğorta şirkəti tərəfindən əmlakın, məhsulun dəyəri hesablanır və ona əsasən də aylıq sığorta haqqı təyin edilir. Yəni bu məbləğ birbaşa sığortalanan malın dəyərindən asılı olaraq müəyyənləşir.
Sığorta müqaviləsi ilə aşağıdakılar sığortalana bilər (sığortanın predmeti):

– bütün daşınmaz əmlak obyektləri (müqavilə ilə digər şərtlər nəzərdə tutulmayıbsa;

– bina və tikililər, lakin yer sahələrinin, yeraltı sərvətlər yataqlarının və su obyektlərinin istisna olunması şərti ilə) və onların ayrı memarlıq və konstruksiya hissə və elementləri (binaların hissələri, yaşayış və qeyri-yaşayış binaları, onların daxili təmir və bəzəmə işləri, mühəndis infrastrukturun elementləri);

– daşınar əmlak (avadanlıq, güc və digər maşınlar, ötürücü mexanizmlər, inventar, hazır məhsullar, mallar, xammal, materiallar və s.);

– bir funksional təyinatı ilə bağlı olan daşınmaz və daşınar əmlakı özündə cəmləşdirən əmlak kompleksləri (müəssisələr);

– iş fəaliyyətinin dayanması nəticəsində yaranan xərc və zərərlər.

Sığortalanmış əmlakı müəyyənləşdirmək məqsədi ilə sığorta müqaviləsində aşağıdakı məlumat göstərilməlidir:

– müvafiq torpaq sahəsində (ünvan və s.) və ya digər daşınmaz əmlakın daxilində (mərtəbə, otaqların nömrələri və s.) olan daşınmaz əmlakın yerləşməsini müəyyənləşdirən məlumatlar;

– avadanlığın, maşınların təsviri (növ, istehsalçı, model nömrəsi) və s..

Daşınmaz əmlak onun daxilində olan ayrı-ayrı əşyaların müəyyənləşdirilməsi aparılmadan, lakin sığortalanan əmlakın təsnifat əlamətləri üzrə ayrılmış müxtəlif növlər və qrupların göstərilməsi şərti ilə sığortalana bilər (misal üçün, avadanlıq, iventar, xammal, materiallar və digərləri).
Sığorta təminatı sığorta şəhadətnaməsində və ya sığorta müqaviləsində qəbul edilmiş müvafiq risklərə (yanğın, partlayış, su basma və s.) dair qüvvədədir.

Benefisiar.org

Oxunub: 1662