Polis hansı hallarda evimizə daxil ola bilər?

Azərbaycan Respublikasının Kostitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallardan başqa mənzildə yaşayanların icazəsi olamadan heç kəs mənzilə daxil ola bilməz. Şəxsin iradəsi ziddinə onun yaşayış yerinə və ya olduğu yerə polis əməkdaşının daxil olması qaydası Cinayət-Prosessual Məcəlləsi və “Polis haqqında” qanunla tənzimlənir.

Polis əməkdaşı tərəfindən hər hansı şəxsin mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırmasına və yaşayış yerinə orada yaşayanların icazəsi olmadan daxil olmasına yalnız aşağıdakı hallarda yol verilir:

1) məhkəmənin qərarı olduqda;

2) digər şəxslərin hüquq və azadlıqlarının qorunması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması və yaxud ağır cinayətlərin, bədbəxt hadisələrin, təbii fəlakətlərin, qəzaların, epidemiyaların və epizootiyaların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirildikdə.

Məhkəmənin qərarı olmadan polis əməkdaşı yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə aşağıdakı əsaslardan birinin olması barədə dəqiq məlumatı olduğu halda qanununla müəyyən edilmiş qaydada daxil ola bilər:

1) şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi;

2) şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizlənməsi;

3) yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olması;

4) yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması;

5) cinayət törətmiş şəxsin bilavasitə “isti izlərlə” təqib edilməsi.

Məhkəmənin qərarı və ya qanunla müyyən edilmiş hallardan və əsaslardan hər hansı biri olmadan mənzil toxunulmazlığı hüququnu məqsədəuyğunluq, müvəqqəti zərurilik və ya digər mülahizələrlə məhdudlaşdırmaq qadağandır. Bu müddəalar fiziki və ya hüquqi şəxslərə məxsus qeyri-yaşayış binalarına, tikililərə, torpaq sahələrinə və qanunvericiliklə müəyyənləşdirilmiş digər obyektlərin daxilolma hallarına da şamil edilir.

Polis əməkdaşı yaşayış yerinə daxil olmazdan əvvəl orada yaşayan və ya müvəqqəti qalan başqa şəxsə yaşayış yerinə daxilolmanın əsaslarını bildirməlidir.

Polis yaşayış yerinə daxilolma ilə əlaqədar yaşayış yerində yaşayan şəxsə onun hüquqlarını, həmin şəxs yaşayış yerinə daxil olmağa icazə vermədikdə isə onun qanuna zidd hərəkət etdiyini izah etməlidir. Polis yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxilolma zamanı zəruri müdafiə və ya son zərurət halları istisna olmaqla, təhlükəsiz üsul və vasitələrdən istifadə etməli, yaşayış yerində olan şəxslərin şərəf və ləyaqətinə, həyatı və sağlamlığına, mülkiyyətinə hörmətlə yanaşmalı, zərurət olmadan zərər vurulmasına yol verməməlidir. Yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxilolma faktını polis tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada təxirəsalınmadan protokollaşdırmalı və müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. Yaşayış yerinə daxilolma ilə əlaqədar yaşayış yerində yaşayanların şəxsi və ailə həyatının ona məlum olmuş hallarını açıqlamamalıdır.

Mənzil toxunulmazlığı hüququnun qanunsuz məhdudlaşdırılmasına yol vermiş polis əməkdaşı qanunvericilklə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.

Benefisiar.org

Oxunub: 3105