Uşaqlar üçün alternativ qayğı necə tənzimlənir?

Uşaq

Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.

Alternativ qayğı nədir?

Hər bir uşağın ailəsi ilə birlikdə yaşamaq hüququ olmasına baxmayaraq, bəzi hallarda bu hüququn reallaşması mümkün olmur. Uşaq Hüquqları Konvensiyasının 20-ci maddəsinə görə, öz ailə mühitindən müvəqqəti və ya daimi məhrum olan və ya özünün ən yaxşı mənafeyi üçün belə mühitdə qala bilməyən uşaq dövlət tərəfindən xüsusi müdafiə edilmək və kömək almaq hüququna malikdir.

Azərbaycan Respublikasının “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanununda valideyn himayəsindən məhrum olmuş uşaqların dairəsi verilmişdir.

Onlar aşağıdakılardır:

• hər iki valideyni:

• məlum olmayan;

• valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;

• xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;

• cəzaçəkmə müəssisələrində cəzasını çəkən;

• uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;

• uşaqlarını tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən götürməkdən imtina edən;

• qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslər;

• Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər.

“Uşaq Hüquqları haqqında” Qanunun 31-ci maddəsində valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi tədbirlərinin əsasları nəzərdə tutulub:

Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi onların övladlığa, qəyyumluğa, himayəçiliyə, digər ailəyə verilməsi, bunlar mümkün olmadıqda isə uşaqlara baxan müvafiq müəssisələrdə yerləşdirilməsi üsulu ilə təmin edilir.

Müdafiə üsulu müəyyən edilərkən uşağın etnik mənşəyi, dini və mədəni mənsubiyyəti, dili, tərbiyəsinin varisliyi nəzərə alınmalıdır.

Uşaq müəssisələrində saxlanan valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatındadırlar. Onlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə edirlər.

Göründüyü kimi, Azərbaycanda ailəsi ilə birlikdə yaşamaq hüququndan məhrum olan uşaqlar üçün alternativ qayğı sistemi nəzərdə tutulub. Burada ilk növbədə uşağın ailə mühiti ilə təmin olunmasına çalışılır, yəni uşağın övladlığa, qəyyumluğa/himayəçiliyə, himayədar ailəyə verilməsi prioritetdir.

Foster (himayədar ailə) ailələrə ehtiyac varmı?

Dünya təcrübəsində alternativ qayğı metodlarından istifadə edilir. Azərbaycanda alternativ qayğı dedikdə, adətən müxtəlif mərkəzlər nəzərdə tutulur, ya da uşaq məcburən yaxınlarından kiminsə himayəsində qalır. BMT-nin Uşaqlar üçün Alternativ Qayğıya dair Qaydalarında foster (himayədar) ailələrin olması təşviq olunur. Ölkəmizdə foster ailə (əsasən qohum foster ailə) təşviqinə ehtiyac var. Bu forma belədir ki, uşaq valideyn himayəsindən məhrum olarsa, qəyyumluq komissiyası uşaqları saxlamaq istəyən qohumlar arasında ən uyğun ailəni seçir və uşaqların baxılması üçün maliyyə ayrılır. Qəyyumluq komissiyası prosesə xüsusi nəzarət edir və ya etməlidir.

Lakin bunların heç biri mümkün olmadıqda, uşaq müəssisəyə yerləşdirilir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar aşağıdakı müəssisələrdən birinə yerləşdirilir:
• valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanıldığı, təhsil və (və ya) tərbiyə aldığı təhsil müəssisələri;

• ailə tipli uşaq evləri;

• əhalinin sosial müdafiəsi müəssisələri;

• uşaq evləri;

• sağlamlıq imkanları məhdud uşaqlar üçün internatlar;

• sosial-reabilitasiya yardım mərkəzləri;

• sosial sığınacaqlar;

• səhiyyə sistemi müəssisələri;

• qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan digər dövlət və qeyri-dövlət müəssisələri.

Uşaq müəssisələrində saxlanan himayədən məhrum uşaqların hansı dövlət təminatları var?

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, uşaq müəssisələrində saxlanan valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatındadır və güzəşt və imtiyazlara malikdirlər. Bu güzəşt və imtiyazlar – təhsil, tibbi xidmət, əmək hüququ, əmlak və yaşayış sahəsi üzrə təminatlardır. Eyni zamanda “tam dövlət təminatı” dedikdə: valideyn himayəsindən məhrum olan uşaqların müvafiq dövlət və ya bələdiyyə müəssisələrində, qəyyumun (himayəçinin) ailəsində olduqları müddətdə yemək, paltar və ayaqqabı dəsti verilməsi, yaşaması, təhsil alması və tibbi xidmət göstərilməsi və ya onların tam dəyərinin dövlət büdcəsi hesabına ödənilməsi başa düşülür.

Yazıda usaqhuquqlari.com saytının materialından istifadə edilib.

Benefisiar.org

Oxunub: 3602