Torpağın təyinatı hansı hallarda dəyişdirilə bilər?

BakıdaMövcud qanunvericiliyə əsasən, Azərbaycanda mülkiyyət növündən asılı olmayaraq, bütün torpaqlar təyinat üzrə təsnifatlaşdırılır. Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən, respublikanın torpaq fondu 7 kateqoriyaya bölünüb:

– kənd təsərrüfatı təyinatlı torpaqlar;

– yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;

– sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;

– xüsusi qorunan ərazilərin torpaqları;

– meşə fondu torpaqları;

– su fondu torpaqları;

– ehtiyat fondu torpaqları.

Məcəllənin tələblərinə əsasən, hər bir kateqoriyalı torpaqlar özünün təyinatına uyğun şəkildə istifadə olunmalıdır. Torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsinə zərurət yarandığı halda bununla bağlı aidiyyəti qurumlar tərəfindən razılaşdırılmış layihələr hazırlanmalı, bu sənədlər yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən yoxlanılmalı və sonda baxılmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmalıdır. Komitədə sənədlərə baxıldıqdan sonra torpağın təyinatının dəyişdirilməsinə dair sərəncam layihəsi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilir. Torpaqların kateqoriyasının dəyişdirilməsinə yalnız Nazirlər Kabinetinin müvafiq qərarı olduqdan sonra yol verilə bilər. Digər hallarda torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi qanunsuz sayılır.

Benefisiar.org

Oxunub: 3478