Əmlakı necə özəlləşdirmək olar?

Özəlləşdirmə (latınca “privatus”-“xüsusi” deməkdir) – dövlətin mükiyyətində olan əmlakın əvəzini ödəmək şərti ilə vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin, əcnəbilərin, hüquqi şəxslərin mülkiyyətinə verilməsidir.

Özəlləşdirmənin tərəfləri kimi satıcı və alıcı çıxış edir. Satıcı kimi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, alıcı kimi vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, səhmlərin və ya nizamnamə fondundakı payın 20%-dən çoxu dövlət mülkiyyətində olan hüquqi şəxslər, icra hakimiyyəti orqanları, bələdiyyə orqanları istisna olmaqla dövlət qeydiyyatına alınmış bütün hüquqi şəxslər və xarici hüquqi şəsxlər çıxış edir.

“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na əsasən, dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından aşağıdakı kimi təsnifatlaşdırılır:

-özəlləşdirilməsi qadağan olunan əmlak;

-özəlləşdirilməsi barədə qərar qəbul edilən anadək dövlət mülkiyyətində saxlanılan əmlak;

-Azərbaycan Respublikası prezidentinin qərarı ilə özəlləşdirilən əmlak;

– Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarı ilə özəlləşdirilən əmlak.

Özəlləşdirilməsi qadağan olunan əmlakın siyahısı, həmçinin Azərbaycan Respublikası Prezidentinin və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi qərarı ilə özəlləşdirilən müəssisə və obyektlərin siyahısıDövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Özəlləşdirmənin həyata keçirilmə qaydası. Özəlləşdirilməsi haqqında qərar Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən qəbul edilir. Qərarda ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınmaqla özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Özəlləşdirilmə barədə məlumat rəsmi kütləvi informasiya vasitələrində həmin əmlakın satışının həyata keçirilməsi gününə azı 30 gün qalmış dərc edilməlidir.

Dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir:

– özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı;

– dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi;

– dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı;

– dövlət əmlakının hərraclar vasitəsilə satışı;

– dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı;

– icarəyə verilmiş dövlət əmlakının satışı;

– dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı.

Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının pul vahidi – manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur. Özəlləşdirilmədən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür və həmin pul vəsaitindən vergi tutulmur.

Alıcı özəlləşdirilən dövlət əmlakının haqqını birdəfəyə və ya müəyyən müddət ərzində ödəyə bilər. Dövlət əmlakının haqqının ödənilməsində möhlət verilməsi müddəti alqı-satqı müqaviləsində müəyyən edilir və bu müddət 2 (iki) ildən çox ola bilməz. Alıcı özəlləşdirilən dövlət əmlakının dəyərini alqı-satqı müqaviləsində göstərilən müddət ərzindəödəmədiyi halda qanunvericiliklə müəyyən edilmiş qaydada alqı-satqı müqaviləsinə xitam verilməsi məsələsi qaldırıla bilər. Özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir.

Sevinc Əbdülrəhmanlı, benefisiar.org

Oxunub: 2256

Əvvəlki məqaləBu ixtisaslar üzrə təhsil xərcləri artırılıb
Növbəti məqaləNiyə əmək müqaviləsi bağlamalıyıq?