Dövlət Sosial Müdafiə Fondu nə iş görür?

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar, ünvanlı sosial yardımlar və digər sosial ödənişlərlə təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır.

Fondun əsas fəaliyyət istiqamətləri:

1. Əhalinin sosial müdafiəsi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edərək həmin siyasətin həyata keçirilməsini təmin etmək;

2. Sığortaolunanların və ya sığortaedənlərin işsizlikdən sığorta üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması;

3. Məcburi dövlət sosial sığorta iştirakçılarının uçota alınması və uçotdan çıxarılması;

4. Sığorta haqlarının uçotu, hesablanması və toplanması qaydalarının müəyyən olunmasında iştirak etmək;

5. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsini təşkil etmək, tabeliyində olan sosial xidmət müəssisələrinin fəaliyyətini və inkişafını təmin etmək;

6. Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ilə bağlı müvafiq proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.

Qeyd etmək lazımdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) əhaliyə xidmətlərin innovative (yeni) üsullarla, “bir pəncərə” və “e-sosial” (“elektron sosial”) portalı əsasında, şəffaf və operativ şəkildə çatdırılması üçün yeni və müasir Qəbul Mərkəzi açılıb. Bununla da, bir pəncərə”dən və “e-sosial” internet portalı vasitəsilə, vətəndaşlarla açıq iş şəraitində qəbul xidməti yaradılıb. Mərkəzdə ilk növbədə vətəndaşların elektron növbəliliyi təmin edilir. Qəbula gələn vətəndaşlara əsas xidmət istiqamətləri – əmək pensiyaları, sosial müavinət və təqaüdlər, avtomobil və mənzil növbəliliyi, maddi yardım və sanator kurort yollayışları üçün müraciət edilməsi, fərdi uçotla, eləcə də ünvanlı sosial yardımı ilə bağlı xidmətlər göstərilir, sualları cavablandırılır. Xidmət prosesində operativlik və şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik, vətəndaş məmnunluğunun təmin edilməsi əsas davranış xüsusiyyətləridir. Fondun təcrübəli mütəxəssisləri Mərkəzə cəlb olunaraq, onlar üçün etik davranış üzrə kurslar, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən treninqlər keçirilir.

Benefisiar.org

Oxunub: 4177

Əvvəlki məqaləMaliyyə Bazarlarına Nəzarət Palatası sahibkardan nə istəyir?
Növbəti məqaləPsixoloji yardımla bağlı cərimələr müəyyənləşib