Uşaqların ailədə hansı hüquqları var?

Uşaq hüquqları haqqında qanununa əsasən uşaqların ailə daxili münasibətlərdə aşağda göstərilən hüquqları vardır.

Uşağın ailədə yaşamaq hüququ

Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.

Valideynlərindən ayrı yaşayan uşağın hüququ

Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır.

Uşağın mənzil hüququ

Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır.

Valideyn himayəsindən məhrum olmuş uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlara (himayəçilərə) verildikdə əvvəl yaşamış olduqları mənzilə hüquqlarını saxlayırlar. Bu mənzilə köçmək mümkün olmadıqda həmin uşaqlar, habelə əvvəllər mənzil sahəsi olmayan valideyn himayəsindən məhrum uşaqlar mənzillə növbədənkənar təmin edilməlidirlər. Həmin mənzillərlə əlaqədar müqavilələrin bağlanması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.

Uşağın vərəsəlik və valideynlərinin əmlakı hesabına saxlanma hüququ

Hər bir uşağın valideynlərinin, övladlığa götürülənlərin əmlakına dair vərəsəlik, məhkəmənin qərarı ilə valideynlərdən hər ikisi və ya biri xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə isə onların əmlakı hesabına saxlanmaq hüququ vardır.

Valideynlərin hüquq və vəzifələri

Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.

Uşaqların vurduğu maddi ziyana görə onun valideynləri, övladlığa götürənlər, qəyyumlar və ya himayəçilər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.

İstənilən fiziki və ya hüquqi şəxs uşaqlarla qəddar rəftar hallarını müşahidə etdikdə belə rəftarın qarşısının alınması üçün müvafiq orqanlara müraciət edə bilər.

Valideynlərin və ya digər şəxslərin uşaqlarla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, uşaqların hüquqlarını pozması qanunvericiliklə müəyyən edilmiş qaydada valideynlik hüquqlarından məhrum edilməyə, habelə inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.

Benefisiar.org

Oxunub: 3967

Əvvəlki məqaləVəkillərin vergilərdən azad edilməsi təklif olunur
Növbəti məqaləSeçki məntəqələrinə bu qurğular paylanılacaq