Evlərin sığortası necə həyata keçiriləcək?

Daşınmaz əmlakın sığortalanması

Daşınmaz əmlaklarını sığorta etdirməyənlər cərimələnəcəklər

Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Daşınmaz əmlakın icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 2-ci fəslində nəzərdə tutulmuşdur. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.

Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur:

• yanğın, ildırım düşməsi;

• məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;

• elektrik naqillərində baş verən qısa qapanma;

• buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;

• su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;

• hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;

• yerüstü nəqliyyat vasitəsinin dəyməsi;

• təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;

• üçüncü şəxslərin hərəkətləri.

Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur:

• sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;

• sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi;

• hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması;

• qrunt sularının səviyyəsinin dəyişməsi;

• suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.

Qanunvericilikdə yaşayış evləri və mənzillər üçün sığorta tarifi sığorta məbləğinin 0,2%-i həcmində müəyyən edilib. Beləliklə,

• Bakı şəhərində yerləşən mənzilləri 50 manat məbləğində icbari sığorta etdirib hadisə baş verdikdə 25.000 manatadək məbləğdə;

• Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən mənzilləri 40 manat məbləğində icbari sığorta etdirib hadisə baş verdikdə 20.000 manatadək məbləğdə;

• digər yaşayış məntəqələrində yerləşən mənzilləri 30 manat məbləğində icbari sığorta etdirib hadisə baş verdikdə 20.000 manatadək məbləğdə təmiant ala bilərsiniz.

Yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı qaydada müəyyən olunur:

• tikililər və binalar üzrə – sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür tikilinin və binanın inşasının dəyəri – bərpa dəyəri məbləğində. Bərpa dəyəri müəyyən edilərkən materialların köhnəlmə əmsalı və sığorta predmeti olan əmlakın texniki vəziyyəti nəzərə alınır;

• Qeyri-yaşayış sahələri üzrə – sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür və həmin texniki vəziyyətdə olan əmlakın orta bazar dəyəri məbləğində.

Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqları dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir.

01.01.2020-ci il tarixindən etibarən daşınmaz əmlakın icbari olaraq sığortalanması prosesinə başlanılacaq. Qanunvericiliyə müvafiq olaraq, daşınmaz əmlakını sığorta etdirməyən fiziki şəxslər 30 manat, hüquqi şəxslər 200 manat, vəzifəli şəxslər isə 80 manat məbləğində cərimə ödəməli olacaqlar. Əmlakını icbarı sığorta etdirmək istəyən şəxslər öz iradələrindən asılı olaraq fəaliyyət göstərən istənilən sığorta şirkəti ilə əmlakını sığorta etdirə bilər. Hal-hazırda Azərbaycanda 20 sığorta və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir ki, bunlardan 1-i dövlət, digərləri isə özəl sığorta şirkətləridir.

Benefisiar.org

Oxunub: 2259

Əvvəlki məqaləTikinti ilə məşğul olanların diqqətinə!
Növbəti məqaləİcra başçısı və müavini həbs edildi