Məişət zorakılığı nədir?

Məişət zorakılığı dedikdə bir şəxsin yaxın münasibətlərindən sui-istifadə etməklə digər şəxsə zor tətbiq etməsi başa düşülür. Məişət zorakılığından zərərçəkmiş şəxs bir yerdə yaşadığı ailə üzvü, yaxın qohumu, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxs tərəfindən zorakılığa məruz qalır. Bu zorakılıq fiziki, iqtisadi, psixoloji və cinsi formada ola bilər.

Zorakılığı ilə bağlı hara şikayət edilməlidir?

Bu tip şikayətlə bağlı 2 növ dövlət orqanına müraciət etmək mümkündür:

Bunlardan biri hüquq-mühafizə orqanları (polis), digəri isə icra hakimiyyəti orqanıdır.

Məişət zorakılığı hadisəsinin şahidi olan şəxslər və ya zərərçəkən özü ilk olaraq, polisə müraciət edə və ya faktiki yaşayış yeri üzrə İcra hakimiyyətinə müraciət edərək mühafizə orderinin verilməsini tələb edə bilər.

Mühafizə orderi nədir?

Mühafizə orderi, zorakılıq törətmiş şəxsin zərərçəkənə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır. Zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər.

Qısamüddətli mühafizə orderi icra hakimiyyəti orqanı tərəfindən 30 gün müddətədək verilməklə, məişət zorakılığını törətmiş şəxsə

• zorakılığın təkrar törədilməsini;

• zərər çəkmiş şəxsin olduğu yer məlum olmadıqda həmin şəxsin axtarılmasını;

• zərərçəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsini qadağan edir.

Qeyd edək ki, qısa müddətli mühafizə orderi icra sənədlərinə aiddir və məcburi icra olunmalıdır. İcra olunmadığı halda məişət zorakılığını törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilir.

Məişət zorakılığını törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət edə bilər.

Uzun müddətli mühafizə orderi 30 gündən 180 günədək məhkəmə qətnaməsi ilə verilir və qətnamənin icra olunmaması öncə inzibati, daha sonra cinayət mə suliyyəti yaradır. Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icra edilməməsinə görə zorakılıq törətmiş şəxs 3 ilədək azadlıqdan məhrum etmə üzrə cinayət məsuliyyətinə cəlb olunur.

Son olaraq qeyd edilməlidir ki, məişət zorakılığından zərəçəkənlərin sayı 2017-ci ildə 304-ü kişi, 964-ü qadın olmaqla 1 268 nəfər, 2018-ci ildə isə 306-ı kişi, 915-i qadın olmaqla 1 221 nəfərdir. (Benefisiar.org)

Oxunub: 3611