Sahibkarların mülkiyyəti necə sığortalanır?

“İcbari sığortalar haqqında” qanunda daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası bir-birindən fərqləndirilir. Belə ki, birinci halda şəxsin öz əmlakı ilə bağlı özünə dəyən zərər qarşılanırsa, ikinci halda şəxsin öz əmlakından istifadəsi ilə bağlı başqalarına vurduğu zərər qarşı tərəfə ödənilir.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bu məqsədlər üçün əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası icbari olan əmlak dedikdə, hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular, sahələr başa düşülür. Yuxarıda sadalanan hər hansı əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir.

Daşınmaz əmlakın istismarı, o cümlədən müvafiq sahədə inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı mülki məsuliyyətini aşağıdakı şəxslər icbari qaydada sığorta etdirməlidir:

1. hüquqi şəxslər;

2. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hallarda zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur:

1. elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;

2. qaz partlayışı;

3. elektrik naqillərində baş verən qısa qapanma;

4. su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;

5. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri.

Sığorta hadisəsi nəticəsində üçüncü şəxslərə dəyən zərər üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:

1. fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat,

2. əmlaka dəyən zərər üzrə 50.000 manat.

Benefisiar.org

Oxunub: 162

Əvvəlki məqaləƏlilliyin qiymətləndirilməsi qaydaları
Növbəti məqaləKirayə mənzillərlə bağlı elektron müraciətlərin tarixi açıqlanıb