Qadınların güzəştli şərtlərlə pensiya hüququ

Azərbaycan Respublikasının qanunvericiliyində qadınlara aid bir sıra hüquqlar təsbit edilib. Bunlardan biri də “qadınların güzəştli şərtlərlə pensiya hüququ” məsələsidir. Əmək pensiyasının təyin olunmasının ümumi qaydasında fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya təminatı ilə bağlı yaş həddi 62 il 6 aydır. Yəni şəxsin əmək pensiyası hüququ qazanması üçün ya 28 800 pensiya kapitalı, ya da azı 25 il sığorta stajı olmalıdır.

Əmək pensiyasının minimum məbləği hazırda 200 manatdır. Bu məbləğ hər il dəyişə bilər.

Pensiya kapitalı dedikdə müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir.

Fərdi hesabın sığorta hissəsi dedikdə isə əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.

Qeyd etdiyimiz ümumi qayda  ilə yanaşı qadınlar üçün pensiyanın təyin olunmasında müəyyən güzəştlər də vardır.

Güzəştli şərtlərlə pensiya hüququ kimlərə şamil edilir?

Çoxuşaqlı qadınlara münasibətdə

Belə ki, 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş qadınların yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Sağlamlıq imkanları məhdud şəxsə qulluq edən qadınlara münasibətdə 

Sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Həmçinin axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan, sığortaolunan qadınlar 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.  

Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışan qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş qadınların azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə  yaşa görə əmək pensiyası hüququ vardır.

Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən qadınlar 55 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququ yaranır.

Güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranan vətəndaşlar əmək pensiyası təyinatı üçün nə etməlidirlər?

Müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının inzibati binalarına, həmçinin “ASAN xidmət” mərkəzlərinin inzibati binalarına müraciət edə bilərsiniz.

Hazırladı: Rüxsarə Məmmədova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Hüquqşünas
Rüxsarə Məmmədova
Əvvəlki məqaləSəhiyyə Nazirliyindən göstəriş sertifikatları ilə bağlı açıqlama
Növbəti məqalə“Hüquq Platforması” Təşəbbüs Qrupu təsis edilib