Qadınlar yüngül işə hansı hallarda keçirilə bilər?

Azərbaycan Respublikası Əmək Məcəlləsində işçilərin əmək şəraitinin yaxşılaşdırılması məqsədilə əmək şəraitinin dəyişdirilərək daha yüngül işə keçirilməsi ilə bağlı müəyyən normalar nəzərədə tutulub. Bir qayda olaraq bu normalar qadın işçilərə münasibətdə də tətbiq olunur. Bəs hansı hallarda qadınlar daha yüngül işə keçirilə bilərlər?

Əmək Məcəlləsinin 231-ci maddəsinə əsasən səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Məcəllənin bu norması yuxarıdakı şərtə cavab verən bütün işçilərə, o cümlədən qadınlara da aiddir.

İşçi başqa işə keçirilən zaman hansı hallarda əmək haqqının saxlanılır?

Əmək Məcəlləsinin 232-ci maddəsində işçinin sağlamlığının mühafizəsi məqsədi ilə başqa yüngül işə keçirildiyi və əmək haqqının saxlandığı hallar öz əksini tapmışdır.

Aşağıdakı hallarda işçi başqa işə keçirilməklə yanaşı, onun əmək haqqı da saxlanılır:

  • İşçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi gündən etibarən 1 ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqı saxlanılır.
  • Vərəm və digər xroniki ağır xəstəliyə tutulmuş və bu səbəbdən başqa az maaşlı işə müvəqqəti keçirilmiş işçilərə keçirildikləri bütün vaxt ərzində, lakin 4 aydan çox olmayaraq əvvəlki iş yerində aldığı əmək haqqı saxlanılır.
  • İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir.

Qanunvericilikdə həmçinin hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi ilə bağlı xüsusi norma da öz əksini tapıb. Əmək Məcəlləsinin  243-cü maddəsinə əsasən aşağıda qeyd olunan hallarda hamilə və yaş yarımadək uşaqlı qadınlar daha yüngül işə keçirilirlər:

  • Tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər;
  • Yaş yarımına çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə yetirməklə yanaşı uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirməlidir və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir;
  • Qadınlar bu maddədə nəzərdə tutulmuş hallarda başqa yüngül işə keçirilərkən onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır;

Hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əmək haqqının azaldılması  qanunla qadağandır.

Hazırladı: Aynur Bağırova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi 

Oxunub: 1216

Əvvəlki məqaləMilli Məclis hərbçilərin sığortası ilə bağlı layihəni qəbul edib
Növbəti məqaləMilli Məclis nikahla bağlı rüsumların artılmasını qəbul etdi