Pandemiyadan zərər çəkən sahibkarlar bu krediti necə əldə edə bilər?

Koronavirus pandemiyasının (COVID-19) ölkədə yayılması bir sıra sahələrə mənfi təsir göstərir. Lakin dövlət tərəfindən özəl sektora dəstək mexanizmləri tətbiq edilib. Belə ki, 129 mindən çox sahibkara 155 milyon manat maliyyə dəstəyi göstərilib. Bununla yanaşı, pandemiyadan zərər çəkən sahibkarlar üçün kredit əldə etmək asanlaşdırılır.

“Report” İqtisadiyyat Nazirliyinə sahibkarlıq subyektləri tərəfindən dövlətin kredit-zəmanət dəstəyi ilə bağlı ünvanlanan sualların cavablarını təqdim edir.

– Dövlət zəmanəti hansı sahibkarlıq subyektlərinə verilir?

– Dövlət zəmanəti pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə şamil edilir və sahibkarların zərər çəkmiş iqtisadi fəaliyyət sahələri üzrə manatla aldıqları kreditlərə verilir.

– Pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri hansılardır?

– Bu barədə məlumat İqtisadiyyat Nazirliyinin və Nazirlik yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifələrində yerləşdirilmişdir. Bu fəaliyyət növləri aşağıdakılardı:

– İctimai iaşə fəaliyyəti;

-İstehsal (ərzaq, dərman, tütün, alkoqollu və alkoqolsuz içki, neft məhsulları istisna);

-İdman-sağlamlıq obyektlərinin fəaliyyəti;

-Topdan və pərakəndə ticarət (ərzaq, dərman və neft məhsullarının satışı istisna olmaqla);

-Yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti;

-Turoperator və turagent fəaliyyəti;

-Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri;

-Bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti;

-Hazırlıq (tədris) və ixtisasartıma kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərinin fəaliyyəti;

-Özəl təhsil müəssisələri (o cümlədən, uşaq bağçaları)

-Ölkədaxili yük və sərnişin daşıma (o cümlədən taksi ilə) fəaliyyəti;

-Sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

-Sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq malların daşınması və (və ya) çatdırılması xidmətləri.

– Dövlət zəmanəti verilən kreditləri əldə etmək üçün necə müraciət etmək olar?

– Sahibkarlıq subyekti www.e-edf.gov.az saytından “Asan imza” vasitəsilə “Elektron kredit platforması”na daxil olur, bu zaman onun fəaliyyət sahəsinin pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olub-olmadığı avtomatik müəyyənləşdirilir. Fəaliyyət sahəsi pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olan sahibkarlıq subyekti zəmanət tələb edilən kredit sifarişi üzrə müvəkkil kredit təşkilatını seçir, biznes-planına uyğun olaraq kredit məbləğini qeyd edir və müraciətini təsdiq edir. Sahibkarlıq subyekti “Elektron kredit platforması”nda “Şəxsi kabinet”inə daxil olmaqla müraciətin nəticələri ilə bağlı məlumat əldə edə bilər.

– Sahibkarlıq subyektinin dövlət zəmanətinin əldə olunması ilə bağlı müraciətinə hansı müddət ərzində baxılır?

– Sahibkarlıq subyektinin dövlət zəmanətinin əldə olunması ilə bağlı müraciətinə sürətli kredit (200 000 manatadək) üzrə 7 iş günü, ənənəvi kredit üzrə isə 10 iş günü ərzində baxılır. Dövlət zəmanətiFondun Müşahidə Şurası tərəfindən müəyyən edilən kredit təşkilatları vasitəsilə verilir.

Siyahının linki

– Dövlət zəmanəti verilən kreditin maksimal məbləği, illik faiz dərəcəsi nə qədərdir?

– Dövlət zəmanəti verilən kreditin maksimal məbləği 3 mln manat təşkil edir. Hər bir sahibkarlıq subyekti dövlət zəmanəti verilmiş kreditin cəmi məbləği mln manatdan çox olmamaq şərti ilə bir neçə kredit əldə edə bilər.Dövlət zəmanəti verilən kreditin illik faiz dərəcəsi 15%-dən, kreditin müddəti 3 ildən çox olmamalıdır.

– Sahibkarlıq subyekti tərəfindən alınan kreditin hansı hissəsinə zəmanət verilir?

– Sahibkarlıq subyekti tərəfindən alınan kreditin 60%-dək hissəsinə dövlət zəmanəti verilir.

Məsələn; müvəkkil kredit təşkilatı 1 mln manat məbləğində kredit verirsə, kreditin 600 000 manatlıq hissəsinədək (1 000 000 manat X 60%) dövlət zəmanəti verilə bilər.

– Kredit ödənişləri üzrə gecikməsi olan sahibkarlıq subyektləri bu mexanizmdən yararlana bilərmi?

– 10 mart 2020-ci il tarixinə 60 günədək gecikməsi olan sahibkarlıq subyektləri də bu mexanizmdən yararlana bilərlər.

– Sürətli kredit nədir?

– Sürətli kredit Fondun Müşahidə Şurasının müəyyən etdiyi müvəkkil kredit təşkilatları tərəfindən 200.000 manatadək verilən kreditlərdir.

Siyahının linki

 – Sahibkarlıq subyektinə zəmanətli kreditlərin verilməsindən hansı hallarda imtina oluna bilər?

-Sahibkarlıq subyektinə zəmanətli kreditlərin verilməsindən müəyyən hallarda imtina edilə bilər. Bu hallar aşağıdakılardır:

-sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatından almaq istədiyi kreditin təyinatı zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə uyğun deyildirsə;

-kredit hesabatına əsasən, sahibkarlıq subyektinin 2020-ci il 10 mart tarixinə 60 (altmış) gündən artıq (zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda;

-sahibkarlıq subyektinin bank hesabları üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda;

-sahibkarlıq subyekti zəmanət üçün müraciət etdiyi müvəkkil kredit təşkilatına aidiyyəti şəxs olduqda;

-sahibkarlıq subyekti zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növü ilə məşğul olmadıqda;

-sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 faizdən çox olduqda.

-sahibkarlıq subyektinin icraatda və ya icraatı dayandırılmış vergi cinayət işi olduqda;

-sahibkarlıq subyekti Azərbaycan RespublikasınınVergi Məcəlləsinə əsasən riskli vergi ödəyicisi olduqda;

-sahibkarlıq subyektinin fəaliyyət növü obyekt tələb etdiyi halda vergi orqanında qeydiyyatda onun obyekti olmadıqda;

-sahibkarlıq subyektinin müraciət tarixinə fəaliyyət vəziyyəti aktiv olmadıqda;

-vergi uçot baza məlumatları ilə sahibkarlıq subyektinin faktiki iqtisadi və uçot göstəricilərində uyğunsuzluq aşkar olunduqda.

– Dövlət zəmanəti verilməsindən imtina edilmiş kredit üzrə sahibkarlıq subyekti yenidən müraciət edə bilərmi?

-Sahibkarlıq subyekti imtina səbəblərində qeyd olunan çatışmazlıqları aradan qaldıraraq yenidən müraciət edə bilər.

– Faiz subsidiyası hansı kreditlərə və kreditlərin illik faizinin hansı hissəsinə verilir?

– Faiz subsidiyası sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından manatla aldıqları və dövlət zəmanəti verilən kreditlərə şamil olunur və kreditin illik faiz dərəcəsinin 50%-i həddində verilir.

Məsələn: müvəkkil kredit təşkilatı illik 14%-lə kredit verirsə, onun 7% bəndini (14 X 50%) dövlət subsidiyalaşdırır. Yəni sahibkarlıq subyekti krediti 14%-lə deyil, 7%-lə ödəyəcək.

– Hansı hallarda faiz subsidiyasının ödənilməsi ləğv edilə bilər?

-Zəmanət verilmiş kredit müqaviləyə uyğun olaraq sahibkarlıq subyekti tərəfindən təyinatı üzrə istifadə edilmədikdə, sahibkarlıq subyektinin iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məsuliyyətini təsdiqləyənqanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda və ya sahibkarlıq subyektinin tələbi əsasında müvəkkil kredit təşkilatının bu barədə Fonda müraciəti olduqda faiz subsidiyasının ödənilməsi ləğv edilir.

– Güzəştli kreditlərə dövlət zəmanəti və faiz subsidiyası verilirmi?

– Dövlət tərəfindən yaradılmış maliyyə institutları və fondlarının resursları hesabına verilən güzəştli kreditlərə zəmanət və subsidiya verilmir.

Əvvəlki məqaləBenzinin qiyməti artdı
Növbəti məqaləSahibkarlığın maliyyələşdirilməsi necə həyata keçiriləcək? (Foto və Video)