Qadınlara qarşı zorakılığın daha çox kimlər tərəfindən törədildiyi açıqlandı

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Məişət Zorakılığı üzrə Məlumat Bankına yığılan məlumatların təhlilinə əsasən qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır, bu, 68,4% faizdir”.

APA-nın məlumatına görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin COVİD-19 pandemiyası ilə bağlı ölkədə keçirilən sosial izolyasiya tədbirləri və xüsusi karantin rejiminin tətbiqi nəticəsində ailələrdə yaranmış vəziyyətin təhlilində yer alıb.

Bildirilib ki, qadınların 12,1%-i keçmiş həyat yoldaşları, 11,9%-i isə qeyri-rəsmi yaşadığı kişi tərəfindən zorakılığa məruz qalırlar: “Gender əsaslı zorakılıq halları demək olar ki, bütün dünya ölkələrində çoxluq təşkil edir. Aparılan bir çox araşdırma nəticəsində məlum olub ki, hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalıb, hər 3 dəqiqədən bir ən azı bir qadın öldürülür. Bu qeyd etdiyimiz faktlar pandemiyadan əvvəl olan göstəricilərdir.

Əlbəttə ki COVİD-19-un qarşısını almaq üçün sosial təcrid və karantin vacibdir. Lakin mütəxəssislər bildirirlər ki, bu ailə üzvləri arasındakı münaqişələr, xüsusilə də qadınlara qarşı qəddar davranışların, o cümlədən, qlobal səviyyədə məişət zorakılığının artmasına səbəb ola bilər. Bunu nəzərə alaraq, karantin dövründə ailədaxili münasibətlərin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bir tərəfdən vaxtın çatışmazlığından şikayət edən insanların indi ailələri ilə birgə olmaq üçün kifayət qədər zamanı var. Lakin digər tərəfdən ünsiyyət doyumluluğu, monotonluq insanların davranışlarına mənfi təsir göstərir. Fikirlərimiz respondentlərin cavablarını təhlil edərkən bir daha öz təsdiqini tapdı”.

Qeyd olunub ki, karantin zamanı birgə vaxt keçirməyə münasibəti öyrənən zaman sorğuda iştirak edənlərin 58,2 %-i karantin dövründə ailəliklə gün boyu birlikdə olmaqdan “razı” olduqlarını, 40,6%-i “qismən razı” olduqlarını, 1,2% isə “razı olmadığını ” bildirib.

Əvvəlki məqaləKarantin rejimində keçirilən toylarla bağlı rəsmi açıqlama
Növbəti məqaləSiyavuş Novruzova töhmət verildi