Ev almaq istəyənlər üçün yeni qayda

Azərbaycan Mərkəzi Bankı yaxın zamanda əmanət (yığım)-əmanət bankının yaradılması məsələsini Respublikanın İqtisadi Şurasının müzakirəsinə çıxaracaq.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. Elman Rüstəmov, “Biz hesab edirik ki, iqtisadi artımın dəstəklənməsində ipoteka məhsulları çox mühüm rol oynaya bilər”,- deyərək sözlərinə belə davam edib:

“Bir çox ölkədə, o cümlədən qonşu Rusiyada iqtisadi aktivlikdə ipoteka olduqca mühüm rol oynayır. Tikinti sektorunda qoyulan 1 manat investisiya təxminən 4,5-5 manata qədər əlavə effekt yaradır. Əmanət-tikinti bankları modeli ilə biz çoxdan məşğuluq. Vaxtilə Cənubi Qafqazda ilk dəfə olaraq biz ipoteka sistemini yaratdıq və o vaxtlar əmanət-tikinti bankının da yaradılması planlarımızda var idi. Lakin bu məsələ təkcə bizdən asılı deyil. Bu məsələyə dair hökumətdə ümumi razılıq olmalıdır. Biz bu məsələni yaxın vaxtlarda İqtisadi Şuranın müzakirəsinə çıxaracağıq. Hazırda bu məsələ əsaslandırma mərhələsindədir”.

Mərkəzi Bankın sədri əlavə etdi ki, təklif edilən modeldə yığımla məşğul olan əhaliyə dövlət tərəfindən çox ciddi dəstək verilməsi nəzərdə tutulur:

“Yığımala məşğul olan əhaliyə modeldə dövlət tərəfindən çox ciddi dəstək verilir, onların yığdığı vəsaitə qarşı müyyən dərəcədə dövlət tərəfindən də vəsait verilir. Burada dövlətin marağı ondan ibarətdir ki, bu mexanizm iqtisadi artıma və məşğulluğa dəstəkdir. İqtisadi artım əlavə vergi, büdcəyə daxilolmalar deməkdir. Biz bu məsələni İqtisadi Şuraya çıxaracağıq. İqtisadi Şuranın dəstəyi olacağı təqdirdə, artıq onun qanunvericilik bazası mürəkkəb deyil, bizim çoxdan işlədiyimiz model var, o modeli də təqdim edəcəyik”.

Bəs əmanət-tikinti bankları necə işləyir?

Əhalinin güzəştli şərtlərlə mənzillə təmin edilməsi üçün əmanət-tikniti bankı mexanizmi dünyada çoxdan tətbiq edilir. Bu üsula əsasən, vətəndaşın ev alması iki mərhələdə baş verir.

Birinci mərhələdə – vətəndaş banka müəyyən müddət ərzində əmanət yatırır, hər ay bu əmanətin üzərinə vəsait əlavə edir – aylıq ödəniş şəklində. Bu proses o vaxtadək davim edir ki, toplanan pullar ipotepka krediti üçün ilkin ödəniş üçün kifayət etsin.

İkinci mərhələdə – Bankda vətəndaşın pulları müəyyən məbləğə çatdıqdan sonra elə həmin məbləği ilkin ödəniş kimi istifadə edərək həmin bankda ipoteka krediti götürüdlür. Sonrakı müddətdə isə krediti qaytarmağa başlayır.

Yəni sadə desək, bu üsulun digər ipoteka proqramından fərqi odur ki, vətəndaş özünün ilkin ödənişini də həmin bankın vasitəsilə toplayır.

Yeri gəlmişkən, bu üsulun bir qədər fərqli formada Azərbaycanda tətbiqinə başlanılıb. Bir qədər əvvəl Azərbaycan Beynəlxalq bankı oxşar prinsipə əsaslanan yeni ipoteka kreditləri proqramına başlayıb.

Bəzi ölkələrdə belə üsuldan istifadə edən vətəndaşlara dövlət də dəstək verir. Belə ki, birinci mərhələdə – vətəndaş hələ ilkin ödəniş üçün banka hər ay pul toplayanda, dövlət də həmin vəsaitin üzərinə əlavə vəsait yatırır, nəticədə ilkin ödəniş daha tez toplanır.

Bu dəstəyimn əhəmiyyəti ondan ibarətdir ki, ilkin ödəniş tez toplandığına görə evi tez almaq olur və vətəndaşlar bu üsula maraq göstərirlər.

İlkin ödənişin toplanması ləngiyəndə isə həmin dövrdə evlərin qiymətinin dəyəşməsi və ya devalvasiya kimi risklər problem yarada bilər.

Öz növbəsində bu üsulun dövlət üçün əhəmiyyəti ondan ibarətdirki, ölkə iqtisadiyyatı «uzunmüddətli» pullar əldə edir, tikinti sektoru isə bir neçə il əvvəldən sifarişlər qazana bilir. (Hit.az)

Əvvəlki məqaləTəhsil Nazirliyinin şöbə müdiri: “Valideynin əyani dərsdən imtina hüququ var”
Növbəti məqaləMilli Məclisdə Qanunların icrasına nəzarət qrupu yaradılır