Nazirlər Kabineti mənzillərin əvəzləşdirilməsinə yol verilən halları müəyyən edəcək

Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmiş vətəndaşlar tərəfindən mənzillərin əvəzləşdirilməsinə yol verilən halları müəyyən edəcək.

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydasında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Qaydaya əsasən mənzillərin əvəzləşdirilməsi onun sahibinin Agentliyə, habelə mənzili əldə etdiyi cəmiyyətə əsaslandırılmış yazılı müraciəti ilə həyata keçirilir və bu məsələyə Agentlik tərəfindən növbədənkənar olaraq, “İnzibati icraat haqqında” qanun ilə müəyyən edilmiş qaydada baxılır.

İndiyə qədər vətəndaşlar tərəfindən mənzillərin əvəzləşdirilməsinə yol verilən halların müəyyənləşdirilməsi sahəsində səlahiyyət Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus olub. Bundan sonra isə Nazirlər Kabineti mənzillərin əvəzləşdirilməsinə yol verilən halları müəyyən etməlidir.