Müharibədə ev dağılan vətəndaşın şikayətinə baxılmır (Video)

İkinci Qarabağ müharibəsi zamanı zərərçəkmiş Tərtər sakini dağılmış evinin bərpa edilməməsindən şikayət edir.

Tərtər rayonunun Yuxarı Qaradağlı kəndinin sakini Şamil Aslanov Benefisiar.org-a bildirib ki, müharibə zamanı – oktyabrın 3-də evinin üstünə mərmi düşüb və nəticədə evi dağılıb: “Beş otaqlı, təmirli evim var idi. Evə mərmi düşməsi nəticəsində həm ev dağıldı, həm də evin içərisindəki əşyalarımız yararsız hala düşdü”.

Ş. Aslanov deyir ki, hadisədən sonra Bakıdan gəlmiş komissiya üzvləri və Baş prokurorluğun əməkdaşları dağılmış evə baxış keçiriblər: “O vaxt Bakıdan gələn nümayəndələr bizə dedilər ki, hesablamalara görə bizə 95 min manat ziyan dəyib”.

Evinin dağılmasından beş aydan çox vaxt keçsə də real bir iş görülmədiyini deyən Ş. Aslanov Tərtər Rayon İcra Hakimiyyətindən şikayətçidir: “Gəlib evin dağıntısını baxıblar, amma hələ ortada real bir iş görən yoxdur. İcra başçısı Müstəqim Məmmədovun qəbuluna düşə bilmirəm. Dəfələrlə onun qəbuluna düşməyə cəhdlər etsəm də, qəbul etməyib. Ancaq icra başçısının müavinləri qəbul edir. Onlar da deyir ki, problemi biz həll edə bilmərik. Tərtərin deputatı Sahib Alıyevə də müraciət etmişik, amma nəticəsi yoxdur”.

Ş. Aslanov rastlaşdığı problemlə bağlı prezidentdən və aidiyyəti dövlət qurumlarından onlara köməklik edilməsini xahiş edir.

Ş. Aslanovun şikayəti ilə bağlı daha ətraflı videomaterialda tanış ola bilərsiniz.

Əvvəlki məqaləMüharibədən zərərçəkən sakin evinin təmir edilməməsindən şikayətçidir (Foto və Video)
Növbəti məqaləBaş Dövlət Yol Polisi İdarəsinin iş rejimi ilə bağlı açıqlama verilib