Bu cərimələrdən daxil olan vəsaitin bir hissəsi prokurorluğun hesabına köçürüləcək

Cinayət işi və bəzi inzibati cərimələrdən büdcəyə daxil olan vəsaitlərin bir hissəsi prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi texniki bazasının möhkəmləndirmək məqsədi prokurorluğun xəzinə hesabına köçürüləcək.

“Report” xəbər verir ki, bununla bağlı “Prokurorluq haqqında” qanuna dəyişiklik edilir.

Layihəyə əsasən, həmin ödənişlər aşağıdakılardır:

– Prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi

– Prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi

– İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizi

Qeyd edək ki, “Prokurorluq haqqında” Qanunun 39-cu maddəsinə əsasən, Prokurorluqda istinad olunan cinayət işləri üzrə ibtidai istintaq zamanı dövlətə vurulmuş ziyanın ödətdirilməsi təmin olunduqda məhkəmənin hökmündən sonra ödənilən məbləğin qanunvericiliklə müəyyən edilmiş miqdarı prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsinə və işçilərin maddi həvəsləndirilməsinə yönəldilə bilər.

Əvvəlki məqaləƏn çox nöqsan aşkarlanan qurumların adı açıqlandı – SİYAHI
Növbəti məqaləHesablama Palatası “Qaçqınkom”dakı pozuntularla bağlı Baş Prokurorluğa müraciət edib