Əmək təhlükəsizliyi ilə bağlı dövlət standartı qəbul edildi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu beynəlxalq standartlar əsasında AZS ISO 45001 “Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi” dövlət standartını qəbul edərək Dövlət Fonduna daxil edib.

Bu barədə “Report”a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, statistika göstərir ki, hər il ölkədə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində onlarla insan əmək qabiliyyətini itirir, xəsarət alır və ya ölüm halları baş verir. Bu sahədə sahibkarlara dəstək göstərilməsi məqsədilə dövlət standartı qəbul edilib.

Hər bir müəssisə, təşkilat sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına, təhlükəli və zərərli istehsalat amillərinə nəzarətin təşkil edilməsinə, işçilərinin əmək sağlamlığı, təhlükəsizliyi və onun fəaliyyəti nəticəsində digər şəxslərin sağlamlığına dəyən zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Bununla belə, bəzi hallarda müəssisə və təşkilatların əmək sağlamlığının və təhlükəsizliyinin idarə olunmamasını düzgün təşkil etməməsi səbəbindən istehsalatda bədbəxt hadisələr baş verir. Bu standartı əmək sağlamlığı və təhlükəsizliyi sistemini yaratmaq və həyata keçirmək istəyən istənilən təşkilat tətbiq edə bilər.

Yeni standartın tətbiqi sahibkarlara istehsalatda zədə və peşə xəstəliklərinin qarşısını almaqda, təhlükəsiz və sağlam iş yerləri yaratmaqda, preventiv və qoruyucu tədbirlər görməklə əmək sağlamlığı və təhlükəsizliyi üzrə riskləri idarə etməkdə kömək edəcək.

Sahibkarlıq subyektləri və digər maraqlı şəxlər dövlət standartının tam mətnini Azərbaycan Standartlaşdırma İnstitutunun internet səhifəsi – www.azstand.gov.az vasitəsilə əldə edə bilərlər.

Əvvəlki məqaləTəhsil naziri: “Bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik”
Növbəti məqaləBakı metrosunun ödəniş sistemində dəyişiklik edilməsi nəzərdə tutulur