Qarabağ qazisinə əlillik dərəcəsi niyə verilmir?

Şükür İsmayılov: “Heç ürəyimdən keçən kimi müalicə olunmağa da imkanım çatmır”

“Müharibədə yaralanıb kontuziya aldım və yaddaşımı itirdim. İndi bir xeyli bərpa olmuşam, amma yaddaş problemlərim qalır. Ayağımda və qolumda qəlpə var, qulağım zəif eşidir. Ancaq mənə əlillik təyin edilməsi gecikdirilir”.

Gədəbəyin Alnabat kəndinin sakini Şükür İsmayılov belə deyir.

26 yaşlı Şükür müharibə başlayanda çağırılıb və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Bu gün olanları, gördüklərini tam xatırlamır, ancaq sənədlərdə nələr yazıldığını bilir. İki həftə döyüşüb, Füzuli istiqamətində mühasirəyə düşüb və yanında mərmi partlayıb.

“Həkimlər ayağımdakı və qolumdakı qəlpəni çıxara bilməyiblər. Yaddaşım da tam bərpa olunmayıb. Eyni zamanda, qulağım da yaxşı eşitmir. İlk başda Bakıda Hərbi Hospitalda, Gəncə şəhər Psixiatriya Xəstəxanasında müalicə olunmuşam. Hər birinin də verdiyi sənədlər durur. Yəni mənə əlillik dərəcəsi düşür, dəqiqdir. Sadəcə gecikdirirlər nəsə”, – qazi deyir.

Şükür İsmayılov çəliklə güclə yeridiyini deyir. Beli ağrıyır, qolundakı şiddətli ağrılardan gileylənir. Deyir, belə vəziyyətdə işləməsi mümkün deyil. Ailəlidir, 2 azyaşlı övladı var. Onlara baxmaq məcburiyyətindədir. Buna görə əlillik pensiyası alması şərtdir. Başqa heç yerdən gəliri yoxdur:

“Normal evim də yoxdur ki, satım verim ehtiyaclarıma. Valideynlərimlə birgə yaşayıram. Heç ürəyimdən keçən kimi müalicə olunmağa da imkanım çatmır. Qulağım yaxşı eşitmir, boğazıma tikiş qoyulub. Yaddaşım da gedir-gəlir”.

Şükür İsmayılov deyir ki, aylar öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin Gədəbəy-Şəmkir üzrə Tibbi-Sosial Ekspert Komissiyasından keçib. Sonradan yenə bir neçə dəfə komissiyaya gedib-gəlib. Hər dəfəsində də “sənə əlillik dərəcəsi təyin edilib. Tezliklə təqaüd alacaqsan”, – cavabını alıb:

“Hər dəfə arxayınlaşdırıb evə göndərirlər. Amma heç nə düzəlmir. Bəs mən ailəmi, uşaqlarımı dolandırmalıyam axı. Sənədlərimin Bakıya göndərildiyini deyirlər. Daha nə qədər gözləməliyəm, bilmirəm. Həqiqətən dolanışığım çox çətindir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin Gədəbəy-Şəmkir üzrə Tibbi-Sosial Ekspert Komissiyasının həkimi Gülay Nəbiyeva Meydan TV-yə bildirib ki, Şükür İsmayılovun sənədlərini hazırlayıb göndəriblər. Hətta ona əlillik dərəcəsi də təyin edilib:

“Yaxında təqaüdünü ala biləcək. Sadəcə qazi çoxdur, növbə var. Sabah mən bir də zəng edib maraqlanacam görüm iş nə yerdədir. Onun şəhadətnamə problemi var idi, işi ona görə yubandı. Müdafiə Nazirliyi əlilliyin təyin edilməsi üçün şəhadətnamənin olmasını tələb edir Çalışırıq hər bir qazimizə kömək edək. Sadəcə şəhadətnaməni almaq bir az zaman alır. Ona görə də uzanır. Çalışacağıq tez olması üçün əlimizdən gələni edək”.

Sentyabrın 27-də Qarabağ və ətraf bölgələrdə hərbi əməliyyatlar başlayıb.

44 gün sürən əməliyyat nəticəsində (noyabrın 9-dək) Azərbaycan tərəfi 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

10 noyabrda isə Azərbaycan, Rusiya prezidentləri, Ermənistanın Baş naziri arasında müharibənin bitməsi ilə bağlı razılaşma sənədi imzalanıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Əvvəlki məqaləYeni pul nişanları ilə bağlı rəsmi açıqlama
Növbəti məqaləMüəllimlərin işə qəbulu ilə bağlı sənəd qəbuluna başlanılacaq