Bəşir Süleymanlı: “Vətəndaş cəmiyyəti 7 ildir iflic vəziyyətinə düşüb”

Zahid Oruc: “Bu addımla cəmiyyətə o mesaj verilir ki, hökumət vətəndaş birliklərinin aktivləşməsində, milli həyatın formalaşmasında, yəni, qanunvericilik sistemindən tutmuş, idarəçiliyə qədər hamısında yeni münasibətlərdə maraqlıdır, onların güclənməsini istəyir”

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ləğv edilib. Onun əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb.

Bununla bağlı aprelin 19-da prezident İlham Əliyev sərəncam imzalayıb. Sənədə əsasən, yeni agentlik qeyri-hökumət təşkilatlarının (QHT) rolunun artırılması, fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkili, bu sahədə dövlət dəstəyinin təşkilati-hüquqi əsasları və mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə yaradılır.

Ayrı-ayrı ekspertlərin fikrincə, 2014-cü ildə bu sahədə qanunvericiliyə dəyişikliklərdən və insan haqları sahəsində fəaliyyət göstərən bir sıra QHT-lərə, onların rəhbərlərinə cinayət işləri açılandan sonra ölkədə vətəndaş cəmiyyətinin vəziyyəti kəskin pisləşib. Bəs indi şuranın agentliklə əvəz edilməsi bu sahədə dəyişikliklərə səbəb ola biləcəkmi?

Deputat
Zahid Oruc

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Turan”a bildirib ki, 2019-cu ildən prezident İlham Əliyevin həyata keçirdiyi siyasət yeni hakimiyyət quruculuğu kimi xarakterizə edilir.

“Rəngli inqilablar ixracı zamanı münasibətlər xeyli pisləşdi”

Deputat hesab edir ki, istər media məkanına münasibət, istərsə də beynəlxalq əlaqələr sistemi köklü dəyişikliyə uğrayır: “Cənab prezidentin sözləri ilə desək, biz Azərbaycanı beynəlxalq aləmə daha fərqli imicdə təqdim etməyə bacarmalıyıq”.

Z.Oruc qeyd edib ki, bunun mühüm bir hissəsini qeyri-hökumət təşkilatları ilə münasibətlər təşkil edir. Onun fikrincə, 2010-cu ilə qədər İ.Əliyevin liderliyi zamanında Qərblə münasibətlər partnyorluq əlaqəsinə dayanırdı: “Sonrakı dövr rəngli inqilablar ixracı zamanı münasibətlər xeyli pisləşdi. O vaxt Azərbaycanın bölgədə keçirdiyi tədbirlərin tanınmaması, digər tərəfdən, regionda iki aparıcı güc mərkəzinə qarşı Qərbin planları və Azərbaycanın orada yer almasını istəmələri fonunda soyuq münasibətlər dövrü başlandı. O zaman media və QHT fəaliyyəti ilə bağlı qanunvericilik sistemində xeyli dəyişikliklər edildi”.

Komitə sədrinin sözlərinə görə, bir sıra hallarda agent rolunda çıxış edən təsir qüvvələri və xarici dairələrin buradakı maraqlarının təmsilçiləri ilə yanaşı, üçüncü sektorda təcrübəsi olan, ictimai nəzarəti həyata keçirən təşkilatlar da bundan ziyan çəkmiş oldu.

“İctimai sektor xeyli siyasiləşmişdi”

Deputat vurğulayıb ki, əgər 2020-ci ildə koronavirus pandemiyası və İkinci Qarabağ müharibəsi olmasaydı, bəlkə də bir il əvvəl bu agentliyin yaradılmasına oxşar qərarlar verilərdi: “Bu addımla cəmiyyətə o mesaj verilir ki, hökumət vətəndaş birliklərinin aktivləşməsində, milli həyatın formalaşmasında, yəni, qanunvericilik sistemindən tutmuş, idarəçiliyə qədər hamısında yeni münasibətlərdə maraqlıdır, onların güclənməsini istəyir”.

Z.Oruc bunu milli iradənin ifadəsi kimi qiymətləndirir: “Bəli, biz fərqindəyik ki, partiyaların, hərəkatların üzvlərinin mühüm bir hissəsini bu strukturlara daşımışdılar. İctimai sektor xeyli siyasiləşmişdi”.

“Çirkli pullar da rol almağa başlamışdı”

Deputatın fikrincə, orada çirkli pullar da rol almağa başlamışdı: “Amma biz bu gün agentliyin təsis olunmasını, idarəçilik mexanizmlərində yeni addımların atılmasını bu sfera ilə bağlı dövlətin fərqli səhifələr açmaq niyyəti kimi qeyd etməliyik. Biz çox arzulayırıq ki, fəaliyyətindən, istiqamətindən asılı olmayaraq QHT camiyəsi dövlətin bu əməkdaşlıq, yeni yanaşmalar çağırışına müsbət cavab versin. Belə olan halda biz gerçək dəyişikliklərin şahidi olacağıq”.

Seçki mütəxəssisi
Bəşir Süleymanlı

“Hələ ki, ortada ciddi və səmərəli bir fəaliyyət yoxdur”

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da AzadlıqRadiosuna bildirib ki, müəyyən dəyişikliklər gözlənilir: “Çünki hökumətin son bir ildə vətəndaş cəmiyyəti sahəsində qanunvericiliyin dəyişdirilməsi ilə bağlı mesajları var. Düzdür, hələ ki, ortada ciddi və səmərəli bir fəaliyyət yoxdur. Amma ən azından görüşlərin və hansısa formada müzakirələrin olması onu göstərir ki, hökumət bu sahədə hansısa bir işlərin görülməsində maraqlıdır”.

Ekspert hesab edir ki, burada müəyyən faktorlar öz rolunu oynayır: “Qanunvericiliyə edilən dəyişikliklərdən sonra vətəndaş cəmiyyəti sektorun fəaliyyəti 7 ildir iflic vəziyyətinə düşüb. Bu isə heç bir normal görünmək istəyən hökumətə sərf etməz. Çünki beynəlxalq əməkdaşlıq var, Avropa Birliyi ilə müəyyən əməkdaşlıq davam edir və tərəfdaşlıq sazişin imzalanması gözlənilir. Bunu nəzərə alaraq hökumət müəyyən addımları atmağı düşünür”.

“Hamını nəzarət altına almaq mümkün deyil”

Hüquq müdafiəçisi deyir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri təyin olunanda və onların fəaliyyətinə nəzər salarkən quruma əsas qiymət verilə bilər: “İndi bir söz demək çətindir. Əlbəttə, mən bizim nəzərdə tutduğumuz demokratik dəyişikliklərin yüksək səviyyədə olacağını gözləmirəm. Amma ola bilsin ki, müəyyən dəyişikliklər olsun, hansısa sahədə QHT-lərin fəaliyyətinə şərait yaradılsın”.

B.Süleymanlının fikrincə, əslində, QHT-lərin və medianın fəaliyyətinə nəzarət edəcək qurumlar olmamalıdır: “Çünki bu sahə müstəqil olduqda daha produktivdir. Nəzarət etməkdənsə, dövlət QHT-lərin qeydiyyatını sadələşdirsə, qanunvericilikdə qrantların alınması ilə bağlı yaradılan məhdudiyyətləri aradan qaldırsa, daha yaxşı olardı”.

Ekspertin qeyd etməsinə görə, əsas məsələ ötən illərdəki QHT-lərlə bağlı olan neqativ presedentlərin təkrarlanmamasıdır: “Amma hesab edirəm ki, insan haqları və tənqidli fəaliyyət ilə məşğul olan QHT-lərin fəaliyyətini “zərərsizləşdirmək”, onları hansısa formada himayə altına almağa cəhdləri olacaq. Bu cəhdlər həmişə olub və indi də olacaq. Amma ictimai fəaliyyət elə sahədir ki, bura daima yeni insanlar gəlir. Ona görə də hökumət bu gün insan hüquqları ilə məşğul olan hansısa təşkilatı öz himayəsinə alacaqsa, sabah başqaları yaranacaq. Yəni, hamını nəzarət altına almaq mümkün deyil”.

 

Əvvəlki məqaləBu uşaqların birinci sinfə qəbulu nəzərdə tutulmayıb
Növbəti məqaləMüavinət, təqaüd və kompensasiya ilə bağlı qayda dəyişir