Bəşir Süleymanlı: QHT-lərlə bağlı ciddi məhdudiyyətlər var

QHT rəhbəri
Bəşir Süleymanlı

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda Qeyri Hökumət Təşkilatları (QHT) sektorunda mövcud durum və gözlənilən islahatlardan danışıb.

Amerikanın Səsi: Prezident İlham Əliyev Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əsasında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması barədə fərman imzalayıb. Bu, QHT sektorunda mövcud durumu dəyişə bilərmi?

Bəşir Süleymanlı: Burada əsas niyyətdir. Əgər niyyət doğrudanda bu sektoru dəyişməyə, bu sektorun inkişafına töhfə verməkdirsə, təbii ki, müəyyən dəyişikliklər olacaq. Yox, niyyət yenidən vətəndaş cəmiyyətini, QHT sektorunu idarə etmək, onları ələ almaq, onları hansısa bir yolla yenidən zərərsizləşdirməkdirsə və yaxud da komanda dəyişkliyidirsə, burada heç bir dəyişklik olmayacaq. Yalnız ola bilər ki, yüngül, kosmetik dəyişkliklər olsun. Kadr islahatları olsun. Yəni kadrlar dəyişsin. Köhnə kimanda yeni komanda ilə əvəz edilsin. Kiçik, kosmetik dəyişikliklər olsun. Amma bu, fundemantal dəyişikliklərə yol açmayacaq.

Amerikanın Səsi: QHT sektorunda mövcud durum necədir, bu sahədə islahat prosesini necə görürsünüz?

Bəşir Süleymanlı: Hazırda vəziyyət çox pisdir. Artıq bilirsiniz ki, yeddi ilə yaxındır QHT sektorunda qanunvericilikdə dəyişikliklərlə fəaliyyət məhdudlaşdırılıb. Bu yeddi ildə ciddi irəliləyiş olmayıb. Son bir ildə, ötən parlament seçkilərindən sonra hökumət mesajlar verib. Bildirib ki, bu sektorda, vətəndaş cəmiyyəti sektorunda hansısa islahatlar aparmaq niyyətindədir. O cümlədən, prezidentin köməkçisi Hikmət Hacıyev QHT-lərlə görüşlər keçirib, müəyyən mesajlar verib, təkliflər alınıb. Təəssüflər olsun ki, bunun da hələlik bir müsbət nəticələrini görməmişik. Düzdür, ortada obyektiv səbəblər də oldu, müharibə oldu, pandemiya şəraiti oldu. Ola bilsin ki, bunlar vaxtı aldı. Amma mən hesab edirəm ki, buna baxmayaraq, kifayət qədər zamanımız var idi ki, bu sahədə də ciddi islahatlara yol açılsın.

Amerikanın Səsi: Ümumiyyətlə, bu sektorda islahatları necə görürsünüz?

Bəşir Süleymanlı: Xatırladım ki, həmin görüşdə bizim təşkilatın da islahatlarla bağlı təklifləri olub. İlk növbədə qanunvericilik bazası təkmilləşdirilməlidir, həm 2014-cü ildə yaradılmış məhdudiyyətlər aradan qaldırılmalıdır, həm də uzun illər QHT-lərin qeydiyyatı və fəaliyyəti ilə bağlı (həm qanunvericilikdə, həm də praktiki fəaliyyətdə) ciddi məhdudiyyətlər var. Bunlar aradan qaldırılmalıdır. Digər bir məsələ, QHT-lərə açılmış cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. Hansı ki, həmin dövrdə cinayət işi açılmışdı. Bu məsələ də bir “domokl qılıncı” kimi vətəndaş cəmiyyətinin başının üzərində qalmaqdadır. Bundan sonra fundamental islahatların aparılmasının işartılarını görə bilərik. Hiss edə bilərik ki, hökumət bu istiqamətdə səmimidir.

Amerikanın Səsi: Bax, siz qeyd etdiniz ki, qanunvericilikdə məhdudlaşdırıcı işlər görülüb. Bu nədən ibarətdir? Hansı fundamental islahatlar lazımdır? Məğzini deyin.

Bəşir Süleymanlı: Bizim təşkilat bu günlərdə qanunvericilik islahatları ilə bağlı Milli Məclisə təkliflər paketi göndərib. Biz gördük ki, hökumət bu sahədə hansısa islahatlar aparmaq mesajları verir. Biz də qanunlar paketi hazırlayıb parlamentə göndərdik ki, buna öz töhfəmizi verək. Burada, birinci növbədə ictimai birliklər və fondlar haqqında qanunvericilikdir. Bu qanunda müəyyən bürokratik, fəaliyyəti əngəlləyən, məhdudiyyətlər yaradan maddələlər var. O maddələrin liberallaşdırılması, yumşaldılması istiqamətində təkliflər vermişik. Sonra, qeydiyyatın yumşaldılması ilə bağlı təklifklərimiz var. Orada qeydiyyat 30 gün, plyus 30 gün, sonra əlavə 30 gün araşdırılma vaxtı, belə-belə 90 günə qədər gəlib çatır. Onun azaldılması və 7 iş gününədək qısaldılması təklifini vermişik. Qeydiyyat prosedurunun ASAN Xidmətə verilməsini təklif edirik. Yəni, kommersiya təşkilatı necədirsə, qeyri-kommersiya təşkilatları da elə olmalıdır. Qrant haqqında qanunda müəyyən islahatların aparılması ilə bağlı, ianələrin alınması, bunlarla bağlı, o cümlədən də paralel olaraq İnzibati Xətalar Məcəlləsinə (hansı ki, qanun pozuntularına görə ciddi sanksiyalar tətbiq olunur) dəyişikliklər təklif etmişik. Həmin cərimələrin azaldılmasını və ağlabatan rəqəmlərdən ibarət bir rəqəm formalaşdırılmasını təklif etmişik. O cümlədən də beynəlxalq təşkilatlarla bağlı təkliflər vermişik.

Amerikanın Səsi: Xarici QHT-lər və bir sıra donor təşkilatlar zaman-zaman ölkəni tərk edib. Beynəlxalq donorlar olmadan QHT sektorunda inkişafı və azad fikirliliyi təmin etmək mümkündürmü?

Bəşir Süleymanlı: Təbii ki, bu da vətəndaş cəmiyyətinin inkişafına töhfə verən əsas amillərdən biridir. Hansı ki, həmin dövrlərdə beynəlxalq fondlar, əsas tərəfdaş təşkilatlar ölkədən çıxarıldı. Bu da vətəndaş cəmiyyətinin çökməsinə dırnaqarası stimul verdi. Biz də bunu dəfələlərlə həm görüşlərimizdə, həm də hökumətə göndərdiyimiz təkliflərdə əsas kimi görürük, müəyyən beynəlxalq təşkilatlar var ki, onlar vətəndaş cəmiyyəti qurumlarının, QHT-lərin həm instutisional inkişafı üçün, həm maddi resurslarının təmin olunması üçün zaman-zaman müəyyən addımlar atır. Bu təşkilatlar yenidən ölkəyə dəvət olunmalıdır, onların fəaliyyəti bərpa edilməlidir ki, ictimai iştirakçılığın təmin olunmasında hökumət vətəndaş cəmiyyəti qurumları arasında köməkçi rolunu oynasın. Həm onların maddi imkanlarının yaxşılaşdırılmasına kömək etsinlər, həm instutisional inkişafına dəstək olsunlar. Ona görə hesab edirəm ki, həm dövlətlərarası təşkilatlar, tutaq ki, ATƏT kimi, digər təşkilatlar kimi, o cümlədən də beynəlxalq QHT-lərin ölkəyə gəlməsi vacibdir. Onlar yerli QHT sektorunun inkişafına ciddi töhfələr verir. Bundan həm də hökumətin özü müsbət nəticə əldə edə bilir.

Amerikanın Səsi: Sizcə vətəndaş cəmiyyəti sektoru hökumətin hər nansı siyasətinə təsir edə bilirmi? QHT-lərin qanunvericilik yaradıcılığında rolu varmı? Hər hansı təşəbbüslə parlament və ya hökumət qarşısında çıxış edə bilirmi?

Bəşir Süleymanlı: QHT-lərin fəaliyyəti son 7 il ərzində məhdudlaşdırıldığına görə, iflic vəziyyətinə düşdüyünə görə, artıq QHT-lərin elə bir resursları qalmayıb, ətrafında şəbəkə formalaşdıra bilmir ki, yeni qanun layihələri hazırlasın, hökumətə tövsiyyələr versin, təkliflərlə çıxış etsin. Biz, bunu yalnız kiçik təşəbbüs qrupları halında görürük. Məsələn, sosial şəbəkələrdə ekspertlər şəklində, istər büdcə müzakirələrində, istərsə hansısa qanunvericilik təşəbbüsləri müzakirə olunanda hansısa təkliflərlə çıxış edirlər. Bəzən təkliflər hazırlayıb müvafiq qurumlara göndərirlər. Amma, biz isətrdik ki, bu instutisional formada olsun, QHT-lər ixtisaslaşsın, müəyyən qanun yaradıcılığında, ictimai nəzarətin təşkilində, dövlət qurumları ilə əməkdaşlıqda ciddi bir instutisionlaşamış bir instituta çevrilsin. Həmçinin bu proseslərdə ciddi iştirak etsinlər. Biz, indi bir qanun layihəsi paketi hazırlayıb göndərmişik və istəyirik ki, yenidən prosesdə davamlı olaraq iştirak edək. Qanunlarda olan boşluqları müəyyən edək, qanunların beynəlxalq standartlara uyğun olmasına kömək edək. Davamlı olaraq, qanun layihələri hazırlayıb parlamentə göndərək. Amma, hökumət bu sahədə maraqlı olmalıdır ki, stimullaşdırıcı addımlar atmalıdır ki, biz və bizi kimi başqa QHT-lər də bu sahədə maraqlı olsun.

Əvvəlki məqaləDaha bir bank elektron imza xidmətini aktivləşdirəcək
Növbəti məqaləSağlamlıq haqqında arayışlar niyə ödənişlidir? – RƏSMİ AÇIQLAMA