Azərbaycanda qadınların bizneslə məşğul olması üçün mühit var?

Natiq Cəfərli: “Bizneslə məşğul olan xanımlarının sayının az olması biznes mühiti ilə bağlıdır”

Qlobal iqtisadiyyatının ikiqat böyüməsi üçün yeganə yüz faizlik yolu var. Bu yol qadın sahibkarlığının inkişafıdır. Belə qənaətə Boston Consulting Group (BCG) şirkətinin mütəxəssisləri gəlib.

Onların araşdırmasına görə, qadın sahibkarların sayı kişi sahibkarların sayı qədər olsaydı dünya ÜDM-in artımı 3 faizdən 6 faizə, dünya iqtisadiyyatının həcmi isə 2,5 trilyon dollardan 5 trilyon dollara qədər artardı.

Lakin təhlilçilər qeyd edir ki, bütün dünyada qadın sahibkarlığı bir neçə çətinliklərlə üzləşir. Onlardan ən əsası maliyyə çatışmazlığıdır. Lakin Türkiyədə, Cənubi Koreyada və Slovakiyada bu sahədə vəziyyət yaxşılığa doğru dəyişməyə başlayır. Azərbaycanda da son illər qadın sahibkarlığı inkişaf olduğu deyilir.

Ölkədə bu sahədə vəziyyət necədir? Azərbaycanda qadın sahibkarlığı hansı problemlərlə üzləşir?

İctimai fəal Rəbiyyə Məmmədova AzadlıqRadiosuna deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qadınların özünə məşğulluqla bağlı proqrama qoşulmaq üçün 10 ay bundan əvvəl müraciət edib. «Proqram Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilir. Mən bu proqrama onlayn şəkildə müraciət etdim. Təxminən 20 gün sonra mənimlə əlaqə saxlayıb dedilər ki, müraciətim qeydə alındı və mənimlə əlaqə saxlanılacaq».

Lakin R.Məmmədovannı sözlərinə görə, 6 ay keçməsinə baxmayaraq onunla əlaqə saxlayan olmayıb. «Nazirliklə əlaqə saxlayanda məni 4 saylı Binəqədi Məşğulluq Mərkəzi ilə əlaqələndirdilər. Oradan dedilər ki, mənimlə əlaqə saxlanılacaq. Üstündən 2 ay da keçdi və ortada yenə heç nə olmadığına görə mən Məşğulluq Mərkəzinə getdim. Bu dəfə mənə dedilər ki, onlayn müraciət qeydə alınmayıb, yazılı şəkildə müraciət edin. Müraciət etdim».

O, qeyd edib ki, təxminən 2 həftədən sonra təlimlərə cəlb olundu. «Təlimdən sonra biznes planı yazıb Məşğulluq Mərkəzinə təqdim etmişəm. İndi isə mənə deyirlər ki, avqustun axırı – sentyabrın əvvəli qiymətləndirmə olacaq».

Fəal vurğulayıb ki, qiymətləndirmədən əvvəl ona eşitdirilib ki, o, kiçik dərzi sexi üçün müraciət etsə də, bu, mümkün olmayacaq. «Halbuki proqramın əvvəlində bu mənə deyilməmişdi, yazılmamışdı ki, proqram çərçivəsində dərzi sexi üçün bəzi ləvazimatları almaq üçün dərzilik bilməlisən. Üstündən bir il keçib, amma hələ bilinmir ki, məni ümumiyyətlə imtahandan keçirəcəklər, ya yox və mən bu müddət ərzində işsiz qalmışam».

Məsələ ilə bağlı Əmək və əhalinin sosial müdafiəsi Nazirliyindən münasibət öyrənmək mümkün olmasa da, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Turana bildirilib ki, Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artmasının, onların sahibkarlıq fəaliyyətində daha geniş təmsil olunmasının və məşğulluğunun təmin edilməsinin dövlət siyasətinin prioritetlərindəndir. «2021-ci ilin ikinci yarısından etibarən agentliyin KOB inkişaf mərkəzlərinin fəaliyyət coğrafiyası genişlənir ki, bu digər regionlarda da qadınların biznes təlimlərə cəlb olunmasına imkan verəcəkdir».

Agentlikdən bildirilib ki, indiyədək Bakıda və müxtəlif regionlarda sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması, satış bazarlarına və maliyyə resurslarına çıxışı istqamətində KOBİA tərəfindən həyata keçirilmiş müxtəlif tədbirlərdən və dəstəklərdən istifadə etmiş sahibkarların 30 faizdən çoxunu qadınlar təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən isə bildirilib ki, 2020-ci ildə 174 329 sahibkarlıq subyekti qeydiyyata alınıb. «Onlardan 9230-u kommersiya hüquqi şəxs, 165 099-u fərdi sahibkardır. Kommersiya hüquqi şəxslərin 14,8 faizinin (1373) təsisçisi və fərdi sahibkarların 20,4 faizi (33 742) qadındır. Beynəlxalq müqayisələr göstərir ki, qadın sahibkarlığının inkişafı ölkədə iqtisadi artımın sürətlənməsi, sosial rifahın yaxşılaşması və inklüzivliyin təmin olunmasında əhəmiyyətlidir».

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, rəsmi bəyan olunmuşdu ki, sahibkarların dörddə biri qadın sahibkarlardır. «Amma burada incə bir məqam var. Bizdə rəsmi olaraq ciddi şəkildə sahibkarlıqla məşğul olan qadınların sayı çox deyil. Sadəcə bəzi məmurlar onlara rəsmi olaraq bizneslə məşğul olmaq qadağandır deyə öz bizneslərini həyat yoldaşının adına rəsmiləşdirirlər. Bu da rəsmi rəqəmlərin artmasına səbəb olur».

Ekspert qeyd edib ki, Azərbaycanda bizneslə məşğul olmaq çox çətindir. «Ona görə də bizneslə məşğul olan xanımlarının sayının az olması biznes mühiti ilə bağlıdır. Amma qadın biznesmenlər üçün başqa çətinliklər də var. Hətta biznes ideyası olan qadınlar tək hökümətin yaratdığı problemlərlə üzləşmirlər, onlar ailə basqısı ilə də üzləşirlər. Çox vaxtı parlaq ideyası olan qadınlara onları həyata keçirməyə elə öz yaxın qohumları imkan vermir».

Əvvəlki məqaləMüəllim olmaq istəyənlərə bir neçə imtahanda iştirak etmək şansı veriləcək
Növbəti məqaləAilə quran cütlüklər nikah müqaviləsi bağlamalıdırmı?